Prezident İlham Əliyev «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
FED.az xəbər verir ki, fərmana əsasən «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 4.5-2-ci bəndinə “yoxlama başa çatanadək)” sözlərindən sonra “, habelə səyyar vergi yoxlaması zamanı yoxlamanın əhatə etdiyi dövr Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.3-1-ci maddəsinə uyğun olaraq artırıldıqda, bu barədə qərarın qəbul edildiyi vaxtdan 1 iş günü müddətində” sözləri əlavə edilib.
Qeyd edək ki, sözügedən 4.5-2-ci bənd indiyədək belə idi:
4.5-2. Yoxlayıcı orqandan asılı olmayan səbəblərdən Reyestrdə qeydiyyata alınmış yoxlama ilə bağlı hər hansı dəyişiklik baş verərsə, yoxlamanın başlama tarixinə ən geci 1 gün qalmış (yoxlayıcı ilə bağlı dəyişiklik baş verdikdə isə yoxlama başa çatanadək) zəruri məlumatlar yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, Reyestrdə yerləşdirilməsi üçün informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir.
Dəyişiklikdə sözügedən 36.3-1 maddəsi isə belədir:
36.3-1. Vergi ödəyicisində keçirilən səyyar vergi yoxlaması zamanı bu maddə ilə müəyyən olunmuş müddətlər nəzərə alınmaqla yoxlamanın əhatə etdiyi dövr və (və ya) vergi növləri aşağıdakı hallarda artırıla bilər:
36.3-1.1. vergi ödəyicisinin müraciəti əsasında;
36.3-1.2. keçirilən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdən sonrakı dövrdə vergidən yayınma hallarının olması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda;
36.3-1.3. cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda.
Başqa sözlə, budəfəki fərmanla edilən dəyişikliyin məğzi ondan ibarətdir ki, səyyar vergi yoxlamasının müddəti artırılanda vergi xidməti bu barədə Yoxlamaların Dövlət Reyestrinə məlumat daxil etmək üçün Ədliyyə Nazirliyini 1 gün ərzində məlumatlandırmalıdır.