Aprelin 2-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunda “Sahibkarlara Xidmət” və “Biznes İnkubasiya” mərkəzləri fəaliyyətə başlayıb.
FED.az xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət başçısının uğurlu siyasəti nəticəsində iqtisadiyyatın davamlı və dayanıqlı inkişafının təmin edildiyini, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, sahibkarlıq fəaliyyətinin, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının genişləndiyini vurğulayıb.
Nazir müavini qeyd edib ki, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və özəl sektorun iqtisadiyyatda rolunun daha da artırılması məqsədilə kompleks dövlət dəstəyi tədbirləri həyata keçirilir. Yeni yaradılmış mərkəzlər sahibkarlara göstərilən xidmətlərin keyfiyyətinin, özəl sektorun güzəştli qaydada maliyyələşdirilməsində səmərəliliyin daha da artırılmasında, kiçik və orta sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin daha geniş tətbiqində əhəmiyyətli olacaqdır.
Eləcə də bax: Borclarını ödəyə bilməyənlər müflis elan olunmalı - BORCLARI SİLİNMƏLİDİR – QANUN DƏYİŞMƏLİDİR
Tədbirdə mərkəzlərin fəaliyyət istiqamətləri, sahibkarlara və startapçılara müasir informasiya texnologiyalarının imkanlarından istifadə etməklə göstərilən xidmətlər barədə məlumat verilib.
“Sahibkarlara Xidmət” mərkəzində müasir informasiya-kommunikasiya imkanlarından istifadə etməklə sahibkarların müraciətlərinin operativ şəkildə cavablandırılması üçün hər cür şərait, o cümlədən qaynar xətt (012-310-23-00) yaradılıb. Mərkəz həmçinin, hüquqi, iqtisadi və digər məlumatların toplanması, bazar konyukturasının öyrənilməsi, müasir texnologiyaların və elmi-texniki yeniliklərin təbliği, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində fəaliyyət göstərəcək.
“Biznes İnkubasiya” mərkəzi vasitəsilə sahibkarlıq fəaliyyətinə başlamaq istəyən təşəbbüskar, innovativ ideyası olan gənclərə dəstək veriləcək, startapçıların ideyalarının reallaşdırılması üçün lazımi şərait yaradılacaq.
Sonra tədbir iştirakçıları mərkəzlər və burada göstərilən xidmətlərlə tanış olublar.
Tədbir çərçivəsində həmçinin, Sahibkarlığın İnkişafı Fondunun yeni formatda və dizaynda www.edf.gov.az saytının təqdimatı keçirilib. Bir sıra yeniliklərin edildiyi sayt vasitəsilə sahibkarlar Fonda video-müraciət edə bilərlər. Saytın həmçinin, mobil versiyası da yaradılıb.