Dövlət tərəfindən sahibkarlara faiz subsidiyasının verilməsi 2019-cu ildə də davam etdiriləcək.
İpoteka və Kredit Zəmanət Fondundan verilən məlumata görə, Prezidentin 2018-ci il 25 dekabr tarixli Fərmanı ilə sahibkarların manatla aldıqları kreditlər üzrə faizlərə görə subsidiyaların verilməsi 2019-cu ilin sonunadək uzadılıb.
Mövcud Qaydalara əsasən faiz subsidiyası sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı sahibkarların müvəkkil banklardan manatla aldıqları və Fondun zəmanət verdiyi kreditlər üzrə ödənilməli olan faizlərin bir hissəsinə görə dövlət tərəfindən əvəzsiz verilən maliyyə vəsaitidir.
Faiz subsidiyası müddəti 3 ilədək olan kreditlər üzrə illik 8 faiz, 3 ildən artıq olan kreditlər üzrə isə illik 10 faiz bəndi həcmində verilir. Qeyd olunmalıdır ki, faiz subsidiyası illik faiz dərəcəsi 20%-dən çox olmayan kreditlər üzrə verilir.
Sahibkarların kreditlər üzrə faizlərinin bir hissəsinin dövlət vəsaiti hesabına subsidiyalaşdırılması onların maliyyə mənbələrinə çıxış imkanlarını artırmaqla yanaşı, maliyyə-kredit bazarında risklərinin azaldılmasına, bankların kreditləşmə əməliyyatlarında fəallığının artmasına və nəticə etibarı ilə iqtisadi aktivliyin yüksəlməsinə xidmət edir.