Ölkəyə Çindən məhsul idxal edən sahibkar gömrük yoxlanışı zamanı məhsulun qiymətlərinin invoys sənədi nəzərə alınmadan süni şəkildə rəsmiləşdirildiyini iddia edir.
Eləcə də bax: Məhsul idxal edənlərə pis xəbər - VERGİLƏRƏ DƏYİŞİKLİKLƏR GƏLİR
FED.az xəbər verir ki, sahibkar Məftun Xəlilov bu məsələdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsini ittiham edir.
Onun sözlərinə görə, bir neçə ildir gözəllik salonlarında istifadə olunan kosmetoloji aparatları Çində bir şirkətdən alaraq Azərbaycana idxal edir. Bu vaxta qədər isə idxal zamanı gömrük yoxlanışında heç bir problemlə qarşılaşmayıb, ancaq axırıncı dəfə ötən ilin noyabrın 5-də həmin məhsulları Azərbaycana gətirdiyi vaxt gömrük yoxlanışı zamanı problemlə qarşılaşıb.
Məftun Xəlilov iddia edir ki, əlində rəsmi və ekskluziv distrübutorluq müqaviləsi, rəsmi ödəmə qəbzləri, bank çıxarışları, eləcə də xarici və daxili bazar qiymətlərini əks etdirən sənədləri olmasına baxmayaraq, gətirilən 9 min 900 dollar dəyərində məhsul başda olmaqla hər yük Hava Nəqliyyatında Baş Gömrük idarəsində saxlanılır.
Gömrük haqqında qanunun 17-ci maddəsində deyilir ki, ölkəyə gətirilən malların gömrük dəyəri, aşağıdakı üsullarla təyin olunur, hansı ki, bunlardan birincisi sövdələşmə qiymətidir. Ehtiyat üsul bunların ən sonuncusudur. Həmin 17-ci maddədə belə bir bənd də var ki, malın dəyərinin hesablanması üçün əsas üsul sövdələşmə qiymətidir. Bu üsulla təyin olunmazsa digər üsullara keçə bilərsiniz.
Şikayətçi bildirir ki, ona qarşı məhsulun gömrük dəyərinin süni şəkildə artırılması ilə bağlı iddia irəli sürülüb: "Məsəlçün əvvəl 10 ədəd yük üçün gömrük dəyəri 22 min manat çıxırdısa, yəni 22 min manatın nəqliyyat daxil rüsumunu ödəməliydimsə, hazırda sözügedən prosesdə məbləğ 33 min 600 manata qaldırılıb ki, 33 min 600 manatdan nəqliyyat daxil gömrük rüsumu ödəməlisiniz. Bəli, eyni istehsalçıdan gəlmiş məhsuldur”.
Məftun Xəlilov deyir ki, 10 ədəd məhsulun gömrük dəyəri əvvəlcə 50 min manata qədər müəyyənləşdirilmişdi: “Ancaq bununla bağlı Ədliyyə Nazirliyi Məhkəmə Eskpertizası Mərkəzinə müraciət etdikdən sonra gömrük dəyəri 33 min 600 manata qədər endirilib. Yəni bir ədəd məhsulun Çində alış dəyəri 998 dollar olmasına baxmayaraq, həmin məhsulun dəyərini gömrük əməkdaşları 3 min dollara qaldırıblar. Mən bilmirəm, 3 min dolları nəyə əsasən çıxarıblar? Ekspertizanın rəyindən sonra 1700 dollara saldılar. Guya, mən malı 998 dollardan yox, 1700 dollardan almışam, amma belə bir şey yoxdur. Bu halda belə, malın maya dəyəri 5 min 500-ə gəlib çıxır və mən 5 minə mal satıram.
Məsələ orasındadır ki, problem bir tək sözügedən yüklə bağlı deyil, ümumiyyətlə son dövrlərdə ölkəyə idxal etdiyimiz bütün məhsullarda eyni problemdir. Bu da öz növbəsində bazarda rəqabətlilik qabiliyyətimizin düşməsinə, süni qiymət artımına gətirib çıxarır”.
Məsələ ilə bağlı Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük Dəyərləndirilməsi və Risklərinin İdarə olunması şöbəsinin rəisi Əfqan Əsgərov bildirdi ki, Məftun Xəlilov tərəfindən ölkəyə idxal edilən 10 ədəd məhsul Ədliyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhsulun qiymətini orta bazar qiymətinə uyğunlaşdıraraq, 1 ədədinin qiymətinin 5 min manat olması ilə bağlı rəy verib”.
Əfqan Əkbərov qeyd etdi ki, şikayətçinin bütün sənədləri təqdim etməsindən asılı olamayaraq, bu məsələdə ekspertizanın rəyi əsas götürülüb: “O ki qaldı invoys və idxala dair digər sənədlərin gömrük rəsmiləşdirilməsi zamanı əsas alınmamasına, biz o sənədlərə o halda ehtiyac duyuruq ki, biz baxırıq eyni və ya eynicinsli mallar biri-birindən 8-10 % fərqlə Azərbaycana idxal olunur. Təbii ki, gömrük orqanı olaraq bizim funksiyalarımızdan biri də xarici iqtisadi fəaliyyət iştirakçılarının bərabərhüquqlu rəqabət mühitini qorumaqdır. Yəni əgər bu, bərabərhüquqlu rəqabət mühitinə təsir edə biləcək hər hansı bir mənfi amil, faktor olsa, bunun qarşısını alırıq”.
Şöbə rəisi eyni məhsulun müxtəlif vaxtlarda eyni qiymətlərlə rəsmiləşdirilməsi məsələsinə də aydınlıq gətirdi: “Həmin vaxtlarda idxal edilən məhsullar bazar qiymətinə uyğun olduğundan eyniləşdirmə zamanı əlavə problemlər ortaya çıxmayıb və buna görə də məshulun öz idxal qiymətinə görə rəsmiləşdirmə aparılıb”. (Xəzər.tv, Qafqazinfo)