Biznes

ŞADLIQ EVLƏRİ: «Toy sahiblərinə nə deyəcəyimizi bilmirik»  - MÜBAHİSƏ

ŞADLIQ EVLƏRİ: «Toy sahiblərinə nə deyəcəyimizi bilmirik»  - MÜBAHİSƏ | FED.az
13:10 27 Okt 2018

Bakıdakı bəzi şadlıq evləri fəaliyyətinin dayandırılacağı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bəyanatını böyük narazılıq və təəccüblə qarşılayıblar. Bu barədə FED.az-a adı çəkilən obyektlərdən bildirilib. 

Eləcə də bax: Azərbaycanda toylardan kimlər nə qədər qazanır? – SIYAHI, MƏBLƏĞLƏR

Xatırladaq ki, oktyabrın 26-da Ekologiya və Təbii Sərvətlər Nazirliyi bəzi restoran və şadlıq evlərinin ekoloji standartlara cavab vermədiyini, havanı çirkləndirdiklərini və dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bunun qarşısını almaq üçün lazımi avadanlıqları quraşdırmamaqda ittiham edib. Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov bildirib ki, bu pozuntulara görə, 9 restoran və şadlıq evinin fəaliyyətinin dayandırılması üçün məhkəmə qarşısında vəsatət qaldıracaq. Söhbət Yasamal rayonunda yerləşən “Filiz Palace”, Binəqədi rayonundakı “Tərlan”, “White Palace”, Nizami rayonunda “Milord”, “Xəmsə”, “Dan ulduzu”, Xətai rayonunda “Neapol”, Suraxanı rayonunda “Turan”, Sabunçu rayonunda “Arzu” restoranıdır.

Bununla bağlı FED.az adı çəkilən obyektlərin bəziləri ilə əlaqə saxlayarkən məlum olub ki, nazirliyin bu bəyanatı təkcə şadlıq evlərində deyil, burada məclisləri planlaşdırılan vətəndaşlarda da böyük narahatlığa səbəb olub.

«Külək olduğuna görə ustalar yavaş işləyir»

Nazirliyin adını çəkdiyi obyektlərdən biri – «Filiz Palas»dan FED.az-a nazirliyin  bu məsələ ilə bağlı xəbərdarlığını oktyabrın 26-da alıblar: «Ola bilər bundan əvvəl də xəbərdarlıqları olub, amma konkret tarix deyilməmişdi, amma biz artıq avadanlıqları quraşdırırıq». Şadlıq evinin əməkdaşı bildirib  ki, artıq restoran «tüstü aparatın»ı (havaya atılan tullantıların təmizlənməsi üçün hava filtrləri) alıb və indi quraşdırma işləri gedir: «İndi bu aparatı quraşdırırıq, Məhərrəmlik bitənə, yəni toylar başlayana qədər işləri bitirəcəyik. Sadəcə hava külək olduğuna görə, ustalar ehtiyatla işləyirlər ona görə ləngiyir. Amma noyabrın 10-11-i işləri bitiririk».

«Toy sahibləri bütün günü zəng edirlər ki, bağlanırsınız?»

Bakının məşhur şadlıq saraylarından biri olan «Xəmsə»də isə nazirliyin bu bəyanatı və məhkəməyə müraciət vədi böyük təəccüb və narazılıq yaradıb. Müəssisənin rəhbəri Bəxtiyar Fətullayeav FED.az-a bildirib ki, nazirliyin bu məsələ ilə bağlı xəbərdarlığından sonra avadanlığın quraşdırılması üçün müqavilə bağlanıb: «Bizim əlmizdə sənəd var. Nazirliyin nümayəndəsi gəldi tələb elədi, biz də təqdim etdik. Nazirlik bui şlə məşğul olan şirətlərin adlarını da verdi, biz də 10-a yaxın şirkətlə əlaqə saxladıq, danışdıq, müqavilə bağladıq. Özü də ən yaxşı, ən bahalı avadanlıq alırıq».

Şadlıq evində deyirlər ki, müqavilə bağladıqları şirkət sistemi onlara noyabrın 9-da təhvil verəcək. İşin etibarlı olması üçün müqavilə notariusun iştirakı ilə bağlanıb və müqavilənin surəti nazirliyin nümayəndələrinə təqdim olunub: «Şirkət (yəni filtrləri quraşdıracaq şirkət – FED.az) deyib ki, sistemi ayın 9-da təhvil verəcəyik. Hətta pul da ödənilib, müqavilənin surətini nazirliyin nümayəndəsinə də vermişik».

B.Fətullayev deyir ki, bu işlərdən sonra nazirliyin məlum bəyanatının səslənməsi onlar üçün gözlənilməz olub: «Axı onlar gördüyümüz işlərdən xəbərdardırlar. Təəccübləndik ki, işin bitməsini gözləmədən bu bəyanatı vermişik». Bu bəyanat şadlıq evinin rəhbərliyi ilə yanaşı, burada məclisi planlaşdıran müştəriləri də narahat edib: « Sifarişçilər də narahat olub, zəng edirlər ki, birdən bağlanarsınız toyumuz necə olacaq. Ayın 10-11-i toyu olanlar var».

Şadlıq evinin rəhbərliyi nazirliklə əlaqə saxlayıb ki, bəyanatı səsləndirən şəxslər müqavilə ilə yenidən tanış olsunlar.

«Növbəyə dayanmışıq ki, gəlib avadanlıqları quraşdırsınlar»

9-cu mikrorayonda yerləşən və nazirliyin məlum bəyanatında adı keçən «Tərlan» şadlıq sarayından isə FED.az-a bildirilib ki, əslində nazirliyin tələb etdiyi avadanlığın bir hissəsi burada çoxdan mövcuddur. «Sadəcə filtrlərin quraşdırılması tələb olunurdu, biz də sifariş vermişik quraşdıracaqlar». Şadlıq evinin özünü təqdim etməyən nümayəndəsi deyir ki, indi belə işlər bütün şadlıq evlərində aparıldığına görə, ustalar çatdırmır və şadlıq evləri növbəyə dayanıblar: «Hamının müaviləsi var. Növbəyə dayanmışıq ki, ayın 15-ə kimi təhvil veriləcək, sadəcə bu işlərin getdiyini bildikləri halda belə bir bəyanatın verilməsi qəribə idi».

Şadlıq evində nazirliyin tələblərini tam haqlı sayırlar: «Əslində ətraf mühitə zərərədirsə biz bunu etməli və avadanlığı da quraşdırmalıyıq. Amma belə bəyanatın verilməsi ki, fəaliyyətini dayandıracağıq, doğru deyil, bilirlər axı hansı işləri görürük. Noyabrın 15-də sistem hazır olacaq».

«Tanıdığınız şirkət varsa, deyin gəlsin quraşdırsın»

Nizami rayonunda yerləşən və adı nazirliyin bəyanatında keçən digər şadlıq sarayı – «Milord»da nazirliyin bu bəyanatından və ultimatumdan narazılığını bildirir. Şadlıq evinin baş icraçı direktoru Rafiq Əliyev FED.az-a bildirib ki, nazirliyin bununla bağlı xəbərdarlığı olsa da, konkreti vaxt deyilməmişdi: «Bizə bu barədə xəbərdarlıq etmişdilər, amma konkret vaxt qoymamışdılar. Biz də müqaviləmizi bağlayıb avadanlıqlarımızı gözləyirik. Dünən isə gəldilər dedilər ki, ayın 1-dək sistemi quraşdırmasanız ya cərimə ediləcək,  ya da fəaliyyət dayandırılacaq».

R.Əliyev bildirir ki, «Milord» bu sistemin qurulması üçün şirkətlərin biri ilə müqavilə bağlayıb və beh də verib: «Bu məsələ yeni başlayanda şirkətlər çox yüksək qiymətlər deyirdilər, 100-110 min manat. Sonra düşdülər 60-70 min manata. Sonra biz bir qədər də axtarıb münasib qiymətə şirkət tapdıq – 18 min manatdan müqavilə bağladıq, 1700 manat da beh vermişik. Şirkət dedi ki, işlər çox olduğuna görə, sistemi bizə noyabrın 25-də, imkan olsa hətta 16-17-də təhvil verəcəklər. Amma nazirliyin  nümayəndələri dünən gəlib tələb edirlər ki, ayın 1-də sistem artıq olmalıdır. Baxmayaraq ki, toylar ayın 11-dən başlayır. Belə olmaz axı, sistemi özümüz quraşdırmırıq». 

«Toy sahiblərinə nə deyəcəyimizi bilmirik»

Baş direktor deyir ki, dünənki xəbərdarlıqdan sonra şadlıq evi yenə də bütün şirkətlərlə əlaqə saxlayıb amma işi bundan tez görmək mümkün deyil: «Kimə deyirik, deyir işlərimiz çoxdur, növbə var. 1700 manat da beh vermişik, bundan sonra təzədən başqası ilə müqavilə bağlaya da bilmərik».

R.Əliyev FED.az-a bildirir ki, şadlıq evi bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin «Qaynar xətt»inə də müraciət edib: «Ordan deyirlər ki, nazirlik deyibsə, deməli vaxt bitir. Amma bizə konkret vaxt deyilməmişdi, sadəcə quraşdırmaq deyilib, belə vaxt qoyulmayıb. İndi isə həftənin 4-ü (yəni oktyabrın 25-də) gəliblər ki, ayın 1-də quraşdırılmalıdır. Desəydilər, vaxt versəydilər, işimizi bilərdik. Monitorinq qrupu ilə də əlaqə saxlayacağıq ki, bizə bir imkan verin quraşdıraq. Bildikləri şirkət varsa, qoy gəlib bir günə quraşdırsın, lap behi də keçirəm»

Rafiq Əliyev deyir ki, məsələni belə gərginlikdə həll etmək olmaz, bundan biznes də zərər çəkir, məclis planlaşdıran ailələr də: «Hamıda vəziyyət belədir, elə şadlıq evi var, heç ümumiyyətlə müqavləsi də yoxdur. Üstəlik biz biz yaşayış binasının yananda deyilik ki, insanlara zərər vuraq, yanımızda zavod var».

Qeyd edək ki, artıq noyabrın 10-dan toylar başlanır və «Milord»da da həmin tarixdən məclislər planlaşdırılır. Bu bəyanatdan sonra «Milord»da toy sifariş edən ailələr şadlıq evi ilə əlaqə saxlayıb toyun baş tutub tutmayacağı ilə maraqlanırlar: «Toy sahibləri, oğlan-qız tərəfin adamları da zəng edib soruşur, ajiotaj yaranır. Noyabrın 10-dan toylar başlayır, onun icəzəsini almalıyıq ki, işləyə bilək. Adamlar dəvətnamələrini göndəriblər, qonaq dəvət ediblər. Müştərilərə deyirik ki, nazirliklə danışıq aparırıq ki, bizə ayın 25-ə qədər vaxt versinlər».

Digər xəbərlər