Azərbaycan hökuməti xaricə məhsul ixrac edən sahibkarların üzləşdiyi əsas problemlərdən birini həll etməyə hazırlaşır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət xaricə ixrac edilən məhsulunu ödənişinin gecikməsi, nəticədə qanunvericiliyin pozulması və iş adamlarının hüquq-mühafizə orqanlarına dəvət edilməsindən gedir.
Bu mövzu Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı kənd təsərrüfatının inkişafı ilə bağlı 2026-2020-cu illər üzrə dövlət proqramı ilə bağlı bölgələrdə keçirilən görüşlərdə səsləndirilib.
Şəmkir rayonunda keçirilən görüşdə sahibkar Tahir Hüseynov iş adamlarının ixrac zamanı qarşılaşdığı problemləri qaldırıb. Sahibkar bildirib ki, Qazax-Tovuz bölgəsindən olan sahibkarların satış və ixracla bağlı əsas problemlərdən biri - məhsulu öz adı ilə ixrac edə bilməməsidir.
Onun sözlərinə görə, sahibkarlar minlərlə ton meyvə və tərəvəz istehsal edib xaricə satsalar da, bunu öz adları ilə deyil, başqa şirkətlərin adına edirlər. Bunun səbəbi xaricə satılan məhsulun ödənişinin bəzi hallarda gecikməsidir. Pulun ödənişi 6 aydan artıq müddətdə gecikəndə bu qanun pozuntusu sayılır və həmin sahibkarların işi istintaq orqanlarında araşdırmağa başlayır.
Belə hallarla üzləşməmək üçün sahibkarların bir hissəsi məhsulu öz adına deyil, başqa şirkətlərinə adına ixrac etməyə üstünlük verirlər. İş adamı müşavirədə iştirak edən rəsmilərdən bu problemin həllini xahiş edib.
Sahibkarın təklifinə cavab verən Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov bildirib ki, artıq bu problemin həlli üzrə işlər başlanılıb. N.Əmirovun sözlərinə görə, kənd təsərrüfatının inkişafı üzrə dövlət proqramının hazırlanması ərəfəsində sahibkarlardan toplanan təkliflər arasında bu problem artıq səsləndirilib. Hökumət bu problemi həll etməyə hazırlaşır və bununla əlaqədar olaraq qanunvericilikdə dəyişikliklər layihəsi hazırlanıb: «Qanuna dəyişikliklər artıq hazırlanıb və dəyişiklik nəticəsində bu məhdudiyyətlər aradan qaldırılacaq, bu məsələ həllini tapacaq»-deyə Natiq Əmirov bildirib.















