Bakı Fond Birjası (BFB) QSC-nin 2025-ci il üzrə maliyyə vəziyyəti məlum olub.
Bakı Fond Birjasının dövriyyəsi - 14 MİLYARD MANAT AZALDI
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, ötən il Birjanın əməliyyat gəlirlərindən 3 milyon 268 min manat qazanıb. 2024-cü ildə isə əməliyyat gələriləri 2 milyon 562 min manat idi. Yəni bu gəlirlər bir ildə 706 min manat və ya 27,6% artıb.
Digər xidmət gəlirləri 389 min manat olmaqla 2024-cü ildəki 87,7 min manatdan 301,3 min manat (4,4 dəfə) çox olub.
Ötən il şirkətin cəmi gəlirləri 3 milyon 657 min manat olub ki, bu da, illik müqayisədə 1 milyon 8 min manat (38,1%) çoxdur.
Hesabat dövründə BFB-nin əməkhaqqı və işçi heyəti ilə bağlı xərcləri 3 milyon 141 min manat olub. Bu xərclər bir ildə 814 min manat və ya 35% artıb. 2024-cü ildə bu xərclər 2 milyon 327 min manat idi.
Ümumi və inzibati xərclər 1 milyon 857 min manat olub ki, bu da, 2024-cü ildəki 1 milyon 263 min manatdan 594 min manat (47%) daha çoxdur.
Əmlak, avadanlıq və əsas vəsaitlərin amortizasiya xərcləri 436 min manat təşkil edib. 2024-cü ildə bu xərclər 384 min manat idi. Yəni bir ildə 52 min manat – 13,5% artım baş verib. Qeyri-maddi aktivlərin amortizasiya xərcləri 130,4 min manat (4,1 min manat / 3,2% çox) olub.
2025-ci ildə BFB-nin cəmi əməliyyat xərcləri 5 milyon 564 min manat olub ki, bu da, 2024-cü ilə nəzərən 1 milyon 463 min manat, yaxud da 35,7% daha çoxdur.
Xərclər ümumi gəlirləri üstələyib və 1 milyon 907 min manat əməliyyat zərəri qeydə alınıb. Əməliyyat zərəri də bir ildə 456 min manat və ya 31,4% artıb.
Artan xərclər fonunda şirkətin faiz gəlirlərində azalmalar olub. Belə ki, ötən il faiz gəlirləri 296,7 min manat olub ki, bu da, 2024-cü ildəki 396,8 min manatdan 101,1 min manat və ya 25,2% azdır.
Maliyyə xərcləri 235,6 min manata bərabər olub. Bu da, illik müqayisədə 101,1 min manat (73,9%) çoxdur. Gözlənilən kredit zərəri 40,2 min manat olub, halbuki 2024-cü ildə bu sahədə zərər qeydə alınmamışdı.
Ötən il şirkət əmlak, avadanlıq və qeyri-maddi aktivlərin satışından 131 min manat mənfəət əldə edib. 2024-cü ildə bu mənfəət 17,4 min manat idi, - yəni 113,6 min manat (7,5 dəfə) artım olub.
Xalis məzənnə zərəri də 15,1 min manata bərabər olmaqla, illik 12,4 min manat (5,6 dəfə) artım göstərib.
Yekunda Bakı Fond Birjası 2025-ci ili 1 milyon 758 min manat zərərlə bağlayıb. Bu da, 2024-cü ilə nəzərən 758,4 min manat və ya 75,9% daha çoxdur.
Məlumat üçün bildirək ki, şirkət son beş ildir zərərlə işləyir. Belə ki, şirkətin zərəri 2021-ci ildə 270 min manat, 2022-ci ildə 256,1 min manat, 2023-cü ildə 367,9 min manat, 2024-cü ildə 999,6 min manat olub. Onu da qeyd edək ki, 2020-ci ildə şirkət 826,1 min manat mənfəət elan etmişdi.
2025-ci ilin sonunda BFB-nin cəmi aktivləri 10 milyon 937 min manata bərabər olub. Bu da, 2024-cü ilə nəzərən 406 min manat və ya 3,9% çoxdur. Belə ki, 2024-cü ildə şirkətin aktivləri 10 milyon 531 min manat idi.
Öhdəliklərin həcmi 3 milyon 780 min manat olub. Bu, 2024-cü ildəki 1 milyon 576 min manatlıq öhəlikdən 2 milyon 204 min manat (39,8%) çoxdur. Öhdəliklərin böyük hissəsi – 3 milyon 241 min manatı uzunmüddətli öhdəlkilərin payına düşüb ki, bu da 2024-cü ildəki 889 min manatdan 2 milyon 352 min manat və ya 3,6 dəfə çoxdur.
Hesabat dövrünün sonunda Bakı Fond Birjasının cəmi kapitalı 7 milyon 157 min manata düşüb. 2024-cü ildə bu məbləğ 8 milyon 954 min manat idi. Başqa sözlə son bir ildə cəmi kapitalı 1 milyon 797 min manat (20,1%) azalıb. Cəmi kapitalın azalması bölüşüdürülməmiş mənfəətin 2024-cü ildəki 3 milyon 763 min manatdan 2 milyon 205 min manata düşməsinin hesabına baş verib.



















