Azərbaycanda kiçik və orta biznesin (KOB) inkişafı üçün maliyyə ekosistemi qurulmalıdır.
KOBİA sədri: Bir çox KOB-lar hələ də regional və qlobal bazarlara çıxış əldə etməkdə çətinliklə üzləşir
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı çərçivəsində keçirilən biznes forumda deyib.
Onun sözlərinə görə, bu yanaşma KOB-ların dəstəklənməsinə, eləcə də onların ixrac imkanlarının genişləndirilməsinə xidmət edir: "Hesab edirik ki, bunun üçün təkcə maliyyəyə və kreditə çıxışın artırılması kifayət deyil. KOB-ların böyüməsi və beynəlxalq bazarlara çıxışı üçün biznesin inkişafının bütün mərhələlərini əhatə edən maliyyə ekosistemi formalaşdırılmalıdır. Birincisi, bu sahədə fəaliyyət göstərən qurumlar risklərin bölüşdürülməsi alətlərini genişləndirməlidir. Kredit zəmanətləri və portfel zəmanət sxemləri kimi mexanizmlər KOB-ların üzləşdiyi çətinliklərin aradan qaldırılmasına kömək edə bilər. Bu alətlər kommersiya banklarının risk yükünü azaltdığı üçün onların KOS-lara daha çox kredit ayırmasını təşviq edir".
O.Məmmədov qeyd edib ki, ticarətin maliyyələşdirilməsi də mühüm əhəmiyyət daşıyır: "İxrac kreditləri, faktorinq, tədarük zəncirinin maliyyələşdirilməsi və ixrac sığortası KOB-lara pul axınlarını daha səmərəli idarə etməyə, ödəniş risklərini azaltmağa və beynəlxalq bazarlarda daha inamla rəqabət aparmağa imkan verir. Üçüncüsü, qarışıq maliyyələşdirmə, xüsusilə mikro və kiçik bizneslər üçün mühüm imkanlar yaradır. İnkişaf banklarının, dövlət qurumlarının, özəl maliyyə institutlarının və biznes assosiasiyalarının resurslarını birləşdirməklə həm maliyyələşmə xərclərini azaltmaq, həm də daha çox investisiya cəlb etmək mümkündür. Bu, xüsusilə innovasiya, rəqəmsallaşma və "yaşıl" texnologiyalara yatırım edən sahibkarlar üçün böyük əhəmiyyət daşıyır". (Report)















