İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə sahibkarların maarifləndirilməsi, onlara maliyyə dəstəyinin göstərilməsi istiqamətlərində tədbirləri davam etdirir.
FED.az-ın məlumatına görə, bu məqsədlə sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum sentyabrın 5-də Xaçmaz rayonunda keçirilib.
Eləcə də bax: Sahibkarlara dəstək verəcək daha bir qurum - FƏALİYYƏTƏ BAŞLAYIR
Forum çərçivəsində Xaçmaz rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan intensiv bağçılıq, tingçilik, cins heyvandarlıq, arıçılıq təsərrüfatlarının, logistik mərkəzin, quru meyvə istehsalı və süd emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, ölkədə sahibkarlığın genişləndirilməsi və özəl bölmənin iqtisadiyyatda rolunun artırılması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması tədbirlərinin sistemli və ardıcıl olaraq davam etdirildiyini vurğulayıb. Bu baxımdan sahibkarların maliyyə resursları ilə təmin olunmasının əsas mexanizmlərdən olduğunu vurğulayan Sahib Məmmədov bu ilin ötən dövründə 721 sahibkarın ümumi dəyəri 265,8 milyon manat olan investisiya layihələrinə 76,2 milyon manat güzəştli kredit verildiyini, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılmasının 3000-dək iş yerinin açılmasına imkan yaratdığını qeyd edib.
İşgüzar forum çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 41 sahibkara 3,8 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər turizm, heyvandarlıq, bağçılıq, aqroparkın yaradılması, tara istehsalı və s. sahələrə yönəldiləcəkdir. Bu kreditlərdən yararlanmaqla investisiya layihələrinin reallaşdırılması hesabına 300-dən çox iş yerinin açılması mümkün olacaq. Ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2731 investisiya layihəsinin maliyyələşdirilməsinə 217,3 milyon manat güzəştli kredit verilib.
Tədbir çərçivəsində Xaçmazda güzəştli kredit ayrılan fındıq emalı müəssisəsinə baxış keçirilib.
Trend