Azərbaycanın məşhur tikinti şirkətlərindən olan “Azərtikintiservis” ASC Bakıdakı baş ofisini boşaldaraq rayona köçüb. Şirkətdən FED.az-a verilən məlumata görə, bundan sonra ASC-nin baş ofisi Siyəzən şəhərində, Xətai prospekti, 148 nömrəli ünvanda (telefon (02330) 4-12-00) yerləşəcək. Şirkət bu barədə səhmdarlarına və tərəfdaşlarına da xəbərdarlıq edib.
Eləcə də bax: "İşçi götürün, maaşın yarısını dövlət ödəyəcək" – MÜSAHİBƏ
Xatırladaq ki, indiyədək “Azərtikintiservis” ASC -in baş ofisi Bakının Əhmədli qəsəbəsində, Cavanşir küçəsində yerləşirdi.
Amma son vaxtlar ciddi iqtisadi problemlərlə üzləşən şirkət indiyədək icarəyə götürdüyü ofisi boşaltmalı və Siyəzənə köçməli olub.
Xatırladaq ki, artıq bir neçə ildir ki, “Azərtikintiservis” ASC-in adı iqtisadi problemlərlə yanaşı çəkilir, vergi borcu olan şirətlərin siyahısında və məhkəmə işlərində hallanır.
Bu məsələlər “Azərtikintiservis” ASC-in səhmdarlarının bu ilin iyununda keçirilən ümumi yığıncağında da müzakirə edilib. Yığıncaqda cəmiyyətin idarə heyəti, müşahidə şurası və təftiş komissiyasının yeni tərkibi seçilib. Amma görünür, hələlik şirkəti bu problemlərdən çıxarmaq mümkün olmayıb.