Xəbər verildiyi kimi, bir qədər əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Məşğulluq Xidməti ölkə biznesinə və sahibkarlara müraciət edib. FED.ın məlumatına görə, müraciətdə deyilir ki, özül sektor bəzi təbəqələrə aid olan şəxsləri işə qəbul etsələr, həmin şəxslərin maaşının bir hissəsi dövlət tərəfindən ödəniləcək. Bununla bağlı suallara ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri İsa Həsənov cavab verir:
- İsa müəllim, bilmək istəyirik ki, söhbət hansı dəstəkdən gedir? Bildirilir ki, biznesmen tərəfindən bir qrup işçi işə götürülərsə onların maaşını dövlət ödəyəcək. Söhbət hansı şəxslərdən gedir və maaşın hansı hissəsini dövlət ödəyəcək?
- İlk növbədə qeyd edim ki, Azərbaycan Respublikasında İşsizlikdən Sığorta Haqqında Qanun qəbul edilib və həmin qanun 1 yanvar 2018-ci il tarixindən qüvvədədir. Qanuna müvafiq olaraq sığorta olunanların əməkhaqqının müəyyən hissəsinin maliyyələşdirilməsi Dövlət Sığorta Fondu tərəfindən həyata keçiriləcək. Bu həmin Maddədə göstərilib və buna uyğun olaraq Nazirlər Kabineti tərəfindən 29 dekabr 2017-ci il tarixində 616 nömrəli qərar qəbul edilib, həmin Qərara uyğun maliyyələşmə sistemi qaydaları müəyyən edilib. Qeyd etməliyəm ki, burada əsas məqsəd ondan ibarətdir ki, məşğulluq xidmətində işsiz kimi qeydiyyata alınan insanın, sosial müdafiəyə ehtiyacı olan, o cümlədən iş tapmaqda çətinlik çəkən insanların işlə təmin olunmasına yardım edilsin. Belə olan halda həmin işəgötürənin işə götürdüyü şəxslərə ödəyəcəyi maaşın bir hissəsi Sığorta Fondu tərəfindən ödənilir.
- Gəlin konkretləşdirək, konkret olaraq söhbət neçə faizlik hissədən gedir?
- Orta aylıq əməkhaqqının 50 faizinə qədər ödəniş edilir. Qeyd edim ki, Qaydalara görə orta aylıq əməkhaqqı ölkədə müəyyən edilmiş orta aylıq əməkhaqqından çox olmamaq şərti və minimum əməkhaqqından az olmamaq şərti ilə müəyyən edilib. Bu halda ödəniləcək əməkhaqqının 50 faizi Dövlət Məşğulluq Xidməti tərəfindən Sığorta Fondu hesabına işəgötürənə ödəniləcək.
- Gəlin açıqlayaq, ölkə üzrə orta aylıq əməkhaqqı 541 manatdır. Minimum əməkhaqqı isə 130 manat təşkil edir. İş adamlarının vətəndaşları işçi olaraq götürəndə ona təklif edəcəyi maaş 541 manatdan çox, 130 manatdan az olmamalıdır. Bu halda məbləğin yarısını dövlət ödəyir?
- Bəli, tamamilə doğrudur.
- Bəs hansı vətəndaşlardan söhbət gedir? Bu kateqoriyaya kimlər daxildir?
- Qaydalara görə ilk növbdə Məşğulluq Xidmətində qeydiyyatda olan işsiz vətəndaşlardan söhbət gedir. Üstünlük hüququ olan vətəndaşlar isə əlillər, cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslər, məşğulluq xidmətində 1 ildən çox qeydiyyatda olan şəxslər və gənclərdir. Onların işlə təmin olunma şansı daha çoxdur. Amma digər işsizlər də istisna deyillər, kimlər ki qeydiyyatdadır bu proqramda iştirak edə bilərlər. Amma iki nəfər iştirak edirsə və biri əlildirsə üstünlük də onda olur.
- Bu proqramdan hans şirkətlər yararlana bilər? Hamısına şamil edilirmi bu proqram? O cümlədən şirkət yaratmayıb sahibkarlıqla məşğul olan şəxslər necə, bu proqramdan yararlana bilər?
- Qaydalara görə bu proqrama kiçik və orta biznes sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar daxil edilir. Şirkət yaratmayıb sadəcə fiziki şəxs kimi fəaliyyət göstərən sahibkarlar da bu proqramda iştirak edə bilər.
- Hökmən əmək müqaviləsi ilə işə götürülür işçilər? Xidməti müqavilə ilə mümkün deyil?
- Bəli, bu bilavasitə Əmək Məcəlləsinə əsaslanmalıdır. İşəgötürənlə işçi insanlar arasında əmək münasibətlərini tənzimləyən müqavilə, yəni əmək müqaviləsi bağlamalıdır. Bu müqavilə bağlanan zaman əmək şərtləri nəzərə alınır. Şərtlərə uyğun olaraq həmin qaydalarda bilavasitə göstərilmişdir ki, işəgötürən həmin işçiləri sınaq müddətinə də götürə bilər. O cümlədən proqramda nəzərdə tutulduğu kimi 3, 6 aylıq və ya 1 illik əmək müqaviləsi də bağlayaraq işə götürə bilər.
- Deməli əmək müqaviləsi ən az 3 aylıq bağlanmalıdır, müqavilə bağlanan gündən etibarən dövlət həmin işçinin aylıq əməkhaqqının yarısını ödəməyə başlayır?
- Bəli, əgər əmək müqaviləsi bağlanıbsa, sığorta olananla razılıq əldə edilibsə hər ay ona ödəniləcək əməkhaqqının müəyyənləşdirilmiş hissəsi dövlət tərəfindən ödənilir.
- Pul şirkətə ödənilir yoxsa işçinin şəxsi hesabına?
- Ödənişlər sahibkarın hesabına edilir. Bu məbləğ müqavilədəki razılaşmaya əsasən sahibkara ödənilir, sahibkar isə bu hesabdan işçiyə əməkhaqqı ödəyir. Bu zaman hesabat təqdim etməlidir ki, o həqiqətən həmin işçiyə həmin əməkhaqqını ödəyir.
- Əmək müqaviləsi həm də elektron sistemdə qeydiyyatdan keçəcək?
- Bəli, müqavilə bağlandıqdan sonra elektron bildiriş sistemi ilə qeydiyyatdan keçərək qüvvəyə minir. Qüvvəyə mindikdən sonra isə ödənişlər ödənir.
- Tutaq ki, sahibkar işçini 6 aylıq işə götürdü, bu müddət bitdikdən sonra müqaviləni dayandırdı. Bu zaman müqavilədə göstərilmiş müddətdə maaşın yarısını ödəməkdə problem yaranmır ki?
- Proqramda nəzərdə tutulmuş müddətlər var. Əgər işə götürənlə işçi arasında müddət razılaşdırılıbsa 6 aylıq da işə götürə bilər və ödəmədə heç bir problem yaranmır. Amma işəgötürənin üzərinə öhdəlik qoyulur ki 6 ay bitdikdən sonra ən azı bir il işə qəbul etdiyi həmin şəxsi öz şirkətində işlətməlidir. 70-ci maddənin C bəndi istisna olunmaqla. Həmin vəzifədə həmin maaşla və yaxud digər vəzifədə başqa maaşla. Bu zaman işçinin maaşını öz hesabına ödəməlidir. Əgər işəgötürən 70-ci maddənin C bəndi istisna olmaqla işçini işdən azad edirsə belə olan təqdirdə proqramda iştirak etməkdən məhrum olur.
- Belə hal baş verərsə sahibkara əvvəl ödənilən məbləğ geri tələb edilmir ki?
- Xeyr təbii ki. O məbləğ vətəndaşa ödənilib, sahibkardan geri tələb edilmir. Amma proqramdan iştirak hüququnu itirir.
- Deməli vəziyyət belədir, mən işçini işə götürəndə 6 aylıq müddətə müqavilə bağlamışıq. Bu 6 ay ərzində həm mən, həm də dövlət bu işçinin maaşını ödədik. Belə başa düşdüm ki, əmək müqaviləsinin vaxtı 6 aydan sonra bitəndə bu o demək deyil ki, biz o işçini işdən çıxara bilərik. O hələ 1 il də şirkətdə çalışmalıdır.
- Bəli, eynən.
- Bu proqram iqtisadiyyatın bütün sahələrində fəaliyyət göstərən sahibkarlara aiddir?
- Bəli, bütün sahiblara aiddir. Məhdudiyyət yoxdur. Amma proqram yalnız kiçik və orta sahibkarlara aiddir. Proqrama büdcədən maliyyələşən təşkilatlar qoşula bilməzlər. İşçilərinin sayı 25-ə qədər olan kiçik, 125-ə qədər olan orta sahikbarlar - hüquqi-və fiziki şəxslər bu proqrama daxildir.
- Həmin məlumatda bir bənd də vardı ki, orda yazılırdı bu proqram o şirkətlərə aiddir ki indiyəədk orada işçilərin 40 faizi xüsusi dəstəyə ehtiyacı olan insanlar olsun. Bu yenilikdir. Belə bir tələb yox idi şirkətlərdən. Belə çıxır ki, şirkətlərin işçisinin 40 faizi belə insanlar deyilsə onlar bu proqramda iştirak edə bilməz?
- Bəli, işəgötürənlər üçün həmin qaydalarda müəyyən şərtlər irəli sürülüb. O şərtlərdən biri də sosial müdafiəyə ehtoyacı olan insanların həmin işçilərin 40 fazini təşkil etməsi tələbidir. Əgər sahibar kiçik fəaliyyətlə məşğuldursa və 20 nəfər işçisi varsa onlardan 8 nəfəri xüsusi müdafiəyə ehtyacı olan insanlar olmalıdır.
- Bu insanlar kimlərdir ?
- Onlar əlillər, məcburi köçkünlər, 20 yaşadək olan gənclər, cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslər, pensiya yaşına 2 il qalmış şəxslər, əlil uşaqları olan valideynlərdir. Əgər işçilərin 40 faizini bu insanlar təşkil etmirsə həmin şirkətin bu proqramda iştirak etmək hüququ olmur.
- Proqramda iştirak etmək üçün başqa şərtlər necə, var?
- Bəli, bir neçəsi var. Şirkət ən azı son bir ildə fəaliyyət göstərmiş olmalıdır. Son bir ildə işçi sayında ixtisar etməmiş şirkət olmalıdır. Vergi borcları və digər öhdəlikləri olmamalıdır. Eyni zamanda 3 ay qabaqdan vakant yerləri bizim məşğulluq sisteminə təqdim etməlidir ki, o iş yerlərinə uyğun olan işçilər yönəldilsin.
- Bizim ölkədə şirkətlərin neçə faizi siz deyən göstəricilərə cavab verir?
- Biz saytımıza bununl bağlı elan-məlumat yerləşdirmişik, prpqrama həmin şirkətləri cəlb etmək üçün. O cümlədən özümüz də təhlillər aparırıq, amma bu günə kimi təəssüflər olsun ki bu şərtlərə cavab verdiyini iddia edən şirkət müraciət etməyib. Amma hesab edirik ki, belə şirkətlər olacaq. Hazırda belə bir statistika mövcud deyil, ona görə tam dəqiqliklə deyə bilmərik bu barədə. Bu proses hələ yenidir, başlayandan sonra müraciətlərin olacağına inanırıq. Bilirsiniz ki, bir çox işəgötürənlər bu yeniliklərdən çox vaxt qaçırlar, hesab edirlər ki özləri üçün başqa problemlər yaranar. Əlbəttə ki bu proses başlayandan sonra onlar üçün xeyli üstünlük veriləcək, o zaman anlayacaqlar ki, şirkətin 40 faizinin sosial müdafiəyə ehtiyacı olan işçilərdən ibarət olması onlara hansı üstünlükləri qazandırır.Mən hesab edirəm ki, Azərbaycanda bu kateqoriyadan olan insanlar çoxdur və hər müəssisəsdə bu kateqoriyaya daxil olan insanlar mövcuddur. Ola bilməz ki, olmasın. Ya məcburi köçkün, ya cəzaçəkmə müəəsisəsindən çıxan, ya əlil, ya pensiya yaşına az qalmış insan, ya da gənc mütləq var. Hesab edirəm ki, bu o qədər də böyük kriteriya deyil, bir çox müəssisədə bura daxil olan insanlar olacaq.
- Tutaq ki, bizim bu müsahibəmizi oxuyan bir biznesmen baxır ki, onun işçilərinin arasında nəinki 40 faiz, heç 1 nəfər də xüsusi qayğıya ehtiyacı olan insan yoxdur. O sahibkar mövcud işçilərinin sayına və tərkibinə müdaxilə etmədən xüsusi qayğıya ehtyacı olan yeni işçiləri işə dəvət edir və sonra proqrama müracət edir. Belə olan halda onun proqrama daxil olma imkanı var?
- Bəli. Əgər son bir ildə işçilərin sayında azalma yoxdursa, çoxalma ilə müraciət edibsə daxil edilə bilər.
- Deməli,mən dövlətdən əməkhaqqı məsələsində dəstək almaq istəyirəm. Əgər öz kiçik sahibkarlıq biznesimdə çalışan 20 nəfər işçinin 8-ni işdən azad etsəm, onların yerinə 8 nəfər xüsusi qayğıya ehtiyacı olan işçilər dəvət etsəm, onlarla müqavilə bağlasam son bir ildə işçi sayında ixtisar etməmək kriteriyasını pozduğum üçün proqrama daxil olmaq şansım yoxdur?
- Xeyr, bu mümkün deyil. Əgər işçi sayında azalma olubsa, ixtisar aparııbsa müraciət müsbət cavablandırılmır. Amma mövcud işçilərə toxunmadan yeni işəgötürmələr olubsa və bu insanlar xüsusi qayğıya möhtac insanlar kateqoriyasına daxildirsə və işçilərin 40 faizini təşkil edirsə şirkət və ya sahibkar proqrama daxil ola bilər.
"İşçi götürün, maaşın yarısını dövlət ödəyəcək" – MÜSAHİBƏ
13:47
22 Sen 2018