Martın 1-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) 2020-ci il üzrə fəaliyyətinin yekunlarına dair brifinq keçirilib.
Eləcə də bax: "Sahibkarlıq növləri üçün müəyyən edilmiş dövriyyə limitləri dəyişməlidir"
FED.az xəbər verir ki, KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov agentlik tərəfindən keçən il ərzində görülmüş işlər və perspektiv planlar barədə təqdimatla çıxış edib. Bildirilib ki, KOB sahəsində vahid dövlət siyasətinin formalaşdırılması və tənzimlənməsində iştirak çərçivəsində ötən il KOBİA-nın təşəbbüsü ilə hazırlanmış 2 normativ hüquqi akt təsdiq edilib, müxtəlif istiqamətlər üzrə hazırlanmış 86 normativ sənəd layihəsinə münasibət bildirilib. Sahibkarlıq sahəsində qanunvericilik və tənzimləmə, idxal-ixrac əməliyyatları, dəstək mexanizmlərindən istifadə, COVID-19 pandemiyasının biznesə təsiri və sair istiqamətlər üzrə KOB subyektlərinin ehtiyaclarının, qarşılaşdığı çətinliklərin və təkliflərinin öyrənilməsi üçün Bakı şəhəri və ölkə regionları əhatə olunmaqla 7722 KOB subyektinin iştirakı ilə 23 sorğu keçirilib. Ötən il agentliyə 3187 vətəndaş müraciəti daxil olub ki, bu müraciətlərin 890-nı KOB maraqlarının müdafiəsi ilə bağlı olub. Bu müraciətlərin 28 faizi dövlət-biznes və biznes-biznes platformaları çərçivəsində müsbət həll olunub, 54 faizinə qanunvericiliyin tələbləri izah olunmaqla müvafiq tövsiyələr verilib, 11 faizi isə aidiyyəti üzrə digər qurumlara yönləndirilib.
Məlumat verilib ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 2019-2020-ci illəri əhatə edən “Kiçik və Orta Sahibkarlıq Siyasəti İndeksi” (SME Policy Index 2020) hesabatında Azərbaycanın mövqeyində 12 meyardan 9-u üzrə irəliləyiş əldə olunub. Qeyd edək ki, OECD tərəfindən Şərq Tərəfdaşlığı ölkələrinin iştirakı ilə 2012-ci ildən başlayaraq hazırlanan “Kiçik və Orta Sahibkarlıq Siyasəti İndeksi” 12 istiqamət, 33 altistiqamət və təxminən 500 sual əsasında qiymətləndirilir. Sahibkarlara göstərilən xidmətlərin yaxşılaşdırılması istiqamətində 2020-ci ilin fevral ayında Xaçmaz şəhərində ilk KOB evi fəaliyyətə başlayıb. Ötən il Xaçmaz KOB evində sahibkarlıq subyektlərinə 95 faizi dövlət-biznes (G2B) və 5 faizi biznes-biznes (B2B) xidmətlər olmaqla 20 min 759 xidmət göstərilib. Göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98 faizdir. Hazırda Xaçmaz KOB evində 9 dövlət qurumu tərəfindən 150-dək G2B, 8 özəl şirkət tərəfindən 100-dək zəruri B2B xidmətlər göstərilir. Yaxın günlərdə Yevlax şəhərində KOB evinin açılması nəzərdə tutulur, Bakı KOB evinin təşkili istiqamətində isə işlər davam etdirilir. Sahibkarların maraqlarının müdafiəsi, maarifləndirilməsi, investisiya təşəbbüslərinin reallaşdırılması üçün onlara yerində dəstək və xidmətlər göstərən “KOB Dostu” şəbəkəsinin genişləndirilməsi istiqamətində tədbirlər 2020-ci ildə də davam etdirilib, 4-ü ötən il olmaqla KOB dostlarının sayı ümumilikdə 25-ə çatdırılıb. 2021-ci ildə də ölkə regionları üzrə “KOB Dostu” şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur.
Vurğulanıb ki, KOB subyektlərinin bilik və bacarıqlarının artırılması, onların məlumatlandırılması məqsədilə 2020-ci ildə Bakı, Sumqayıt, Xaçmaz və Yevlax şəhərlərində 4 KOB inkişafı mərkəzi (KOBİM) fəaliyyətə başlayıb. Ötən il KOBİM-lər tərəfindən 100-ə yaxın təlim keçirilib, 2500 saatadək məsləhət xidməti göstərilib ki, bu xidmətlərdən 1200-dək KOB subyekti, startap və biznesə yeni başlayanlar yararlanıb. KOBİM-lər tərəfindən göstərilən bütün xidmətlər (təlim və məsləhət xidmətləri, biznes planın hazırlanması, şəbəkələşmə, maliyyə resurslarına çıxış və sair) ödənişsizdir. Ötən il KOBİM-lərin vahid internet səhifəsi – “www.kobim.az” saytı fəaliyyətə başlayıb. KOB-ların beynəlxalq təcrübəyə yiyələnməsi məqsədilə həyata keçirilən, KOBİA və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) əlaqələndiricisi olduğu “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”ndan 2020-ci ildə 29, ümumilikdə isə indiyədək 451 sahibkar və menecer yararlanıb.
Bildirilib ki, agentlik məqsədlərindən irəli gələrək ötən il ölkə regionlarına investisiyaların cəlb olunmasına da dəstək göstərib. Bu istiqamətdə xarici investisiya əsasında Oğuz rayonunun Sincan kəndində tütünçülük müəssisəsinin fəaliyyətinə, Astara şəhərində yeni turizm kompleksinin yaradılmasına, Lənkəran və Qəbələ rayonlarından olan sahibkarlar tərəfindən lavanda tərkibli çay istehsalına başlanılmasına KOBİA tərəfindən dəstək və xidmətlər göstərilib. 2020-ci ildə də agentlik KOB subyektlərini mövcud maliyyə resursları və onlara çıxışla bağlı məlumatlandırıb, müvafiq təşkilatlarla əlaqələndirib. KOB subyektlərinin maliyyə bazarında mövcud olan maliyyə alətlərinə və mexanizmlərinə çıxışının asanlaşdırılması və koordinasiyası məqsədilə Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası və digər maliyyə təşkilatlarının iştirakı ilə platforma yaradılıb və bu platforma çərçivəsində mütəmadi olaraq müzakirələr aparılır.
Qeyd olunub ki, Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq mikro, kiçik və orta sahibkarların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə start verilib. Bu məqsədlə agentlik tərəfindən müsabiqə elan edilib və hazırda müsabiqəyə sənəd qəbulu davam edir. Müsabiqəyə çərçivəsində maliyyələşdiriləcək hər bir layihəyə maksimum 20 min manat vəsait ayrılacaq. 2020-ci ildə pandemiya səbəbindən sərgilərin keçirilməsinə məhdudiyyət qoyulduğundan agentlik yalnız ilin əvvəlində mikro və kiçik sahibkarların bir sıra ixtisaslaşmış sərgilərdə təmənnasız olaraq iştirakına dəstək göstərib. Bu sərgilərdə KOB subyektləri məhsul və xidmətlərini tanıdıb, satış imkanlarını genişləndirib, yeni işgüzar əlaqələr qurublar. Rəqabətqabiliyyətli məhsul istehsalının stimullaşdırılması məqsədilə KOB subyektlərinin müraciəti əsasında 7 daxili bazar araşdırmasının aparılmasına agentlik tərəfindən dəstək göstərilib və bu proses hazırda da davam etdirilir.
“2020-ci il Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və müzəffər Azərbaycan Ordusu tarix yazaraq torpaqlarımızı Ermənistanın işğalından azad etdi. Posmüharibə dövründə işğaldan azad olunmuş ərazilərin ölkənin və regionun iqtisadi dəyər zəncirlərinə reinteqrasiyasının effektiv həyata keçirilməsi əsas çağırışlardandır. İşğaldan azad olunmuş ərazilərin iqtisadi potensialı biznes üçün yeni perspektivlər yaradır. Ötən ildən etibarən agentliyə işğaldan azad edilmiş ərazilərdə biznesin qurulması, investisiya qoyuluşu, eləcə də burada həyata keçiriləcək quruculuq işlərində iştirakla bağlı yerli və xarici iş adamlarından ümumilikdə 400-ə yaxın müraciət və biznes layihələri daxil olub. Bu müraciətlər əsasən istehsal, turizm, tekstil, tikinti, ictimai iaşə, kənd təsərrüfatı və sair sahələri əhatə edir. Eyni zamanda, ötən ilin noyabrın 18-21-də KOBİA-nın təşkilatçılığı ilə işğaldan azad olunmuş ərazilərin iqtisadi və investisiya potensialı İstanbulda keçirilmiş “MUSİAD Expo-2020” beynəlxalq sərgisində “Qarabağ Azərbaycandır!” stendində nümayiş olunub, Şuşa şəhərində agentliyin dəstəyi ilə ilk sahibkarlıq subyekti fəaliyyətə başlayıb”, - deyə O.Məmmədov qeyd edib.
Diqqətə çatdırılıb ki, qlobal pandemiya Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib və sahibkarlıq subyektlərinin inkişafına mənfi təsir göstərib. Dövlət tərəfindən pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən KOB-lar üçün həyata keçirilən dəstək tədbirlərində KOBİA da yaxından iştirak edib, mümkün alətlər çərçivəsində pandemiyadan zərər çəkmiş KOB-lara dəstək göstərib. 2020 “Könüllülər ili”ndə “KOB könüllüsü” olmuş 7 gənc agentlikdə işlə təmin olunub, KOBİA-nın dəstəyi ilə 13 min tirajla “Könüllünün öz/əl kitabı” nəşr edilib və gənclərə pulsuz paylanılıb. Ümumilikdə indiyədək 200-dən çox gənc KOBİA-da könüllü fəaliyyətinə cəlb edilib. Sosial sahibkarlığın inkişafı məqsədilə keçən il də KOBİA müvafiq dövlət qurumları və özəl sektorla birgə müxtəlif tədbirlər və layihələr həyata keçirib. 2020-ci il də daxil olmaqla indiyədək 400-ə yaxın vətəndaş özünüməşğulluq proqramına qoşulmaq üçün agentliyin dəstək və xidmətlərindən faydalanıb. KOBİA-nın dəstəyi ilə 2020-ci ildə “Qobu Park 3” yaşayış kompleksində biznes və sosialyönümlü iki müəssisə fəaliyyətə başlayıb. Eyni zamanda, “Çiçəklənən Abşeron” layihəsində aztəminatlı ailələrin iştirakı təmin olunmaqla, onların əlavə gəlir əldə etməsinə və ailə təsərrüfatlarının inkişafına dəstək göstərilib.
Sonda KİV nümayəndələrinin sualları cavablandırılıb.