Azərbaycanda kiçik və orta biznes (KOB) subyektlərinin neft-qaz şirkətlərinin təchizat zəncirində iştirakının genişləndirilməsinə dəstək məqsədilə mayın 31-dən iyunun 2-nə qədər Bakıda keçiriləcək 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində (“Caspian Oil and Gas”) xüsusi stend qurulacaq.
Bu barədə FED.az-a İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.
Məlumata görə, sərgidə neft, qaz və energetika sahəsinin aparıcı şirkətləri tərəfindən neft və qaz avadanlıqları, neft-qaz yataqlarının işlənməsi xidmətləri, enerji daşıyıcılarının nəqli, neft və qazın saxlanması üçün anbar sistemləri, neft-kimya məhsulları, texniki xidmət, təhlükəsizlik sahələrində innovativ texnologiyalar və s. məhsul və xidmətlər nümayiş olunacaq.
KOB-ların neft-qaz şirkətlərinin təchizat zəncirindəki rolunu artırmaq, bu sahədə əməkdaşlığı genişləndirmək, eləcə də onların məhsul və xidmətlərinin tanıdılması məqsədilə KOB-ların sərgidə iştirakına dəstək göstəriləcək. Bu məqsədlə KOBİA və bp şirkəti sərgidə KOB-lar üçün ayrıca stend təşkil etməyi planlaşdırır.
Ödənişsiz olaraq məhsul və xidmətlərini bu stenddə təqdim etmək istəyən KOB-lar mayın 19-na qədər bu link vasitəsilə müvafiq formanı dolduraraq (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “Caspian Oil and Gas 2023” qeyd olunmalıdır) KOBİA-ya müraciət edə bilərlər: