Bu ilin I rübündə Azərbaycandakı sahibkarlıq obyektlərində 438 yoxlama keçirilib.
FED.az xəbər ki, bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov məlumat verib.
O, bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Kiçik və Orta Biznes Evi” (“KOB evi”) layihəsinin təqdimat mərasimində danışıb.
Eləcə də bax: «Sahibkarlar üçün bu böyük yük olmayacaq» - İlham Əliyev
Nazir müavini ölkədə fəaliyyət göstərən sənaye məhəllələrindəki və parklarında son vəziyyəti də açıqlayıb: “Hazırda sənaye məhəllələrində 60-ya yaxın rezident fəaliyyət göstərir. Sənaye parklarına rezident statusu almış 43 müəssədən isə 33-ü artıq fəaliyyətə başlayıb. Ümumilikdə rezidentlər tərəfindən 5,6 milyard manat investisiya yatırılıb. Növbəti dövrdə 372 milyon manat investisiyanın yatırılması və 950-dən çox iş yerinin yaradılması istiqamətində iş aparılır. O cümlədən Neftçala və Masallı sənaye məhəllərinin iştirakçısı tərəfindən 51 milyon manat investisiya yatırılıb və 700-dən çox iş yeri yaradılıb. Hacıqabul və Sabirabad sənaye məhəllərinin isə iştirakçısı tərəfindən 81 milyon manat investisiya yatırılması və 1 200-dən artıq iş yerinin açılması istiqamətində iş aparılır”.
Bundan başqa, N.Səfərovun sözlərinə görə, indiyə qədər 362 layihəyə investisiya təşviqi sənədi verilib: “Azərbaycanın 8 iqtisadi rayonunu əhatə edən bu layihələrə 3,1 milyard manata qədər investisiya yatırılması və 2,3 minədək yeni iş yerinin açılması nəzərdə tutulur”.
Nazir müavini onu da bildirib ki, Azərbaycanda lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirib. İndiyə qədər 28 ixrac missiyası həyata keçirilib, 12 milyon manata yaxın ixrac təşviqi ödənilib.