“EY Azərbaycan” şirkəti Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı və ABB-nin sponsorluğu ilə keçirdiyi “EY İlin İş Adamı” müsabiqəsinin qalibini açıqlayıb.
FED.az xəbər verir ki, KOBİA-dan bildirilib ki, Azərbaycanın iş adamları arasında artıq üçüncü ildir keçirilən müsabiqənin qalibi biznes icmasının, beynəlxalq maliyyə qurumlarının nümayəndələri və tanınmış şirkət rəhbərlərindən ibarət müstəqil münsiflər heyəti tərəfindən 9 namizəd arasından seçilib.
İştirakçıların müraciətlərini hərtərəfli dəyərləndirdikdən sonra münsiflər fərqli nominasiyalar üzrə qalibləri seçiblər. Beləliklə, “İnnovasiyalar” nominasiyasında “ATL Tech” şirkətinin təsisçisi Rəşad Mirzəyev, “Sosial təsir” nominasiyasında “ZIRA Natural & Gourmet” brendinin sahibi Afət Əhmədova, “Ən yaxşı müştəri həlli” nominasiyasında isə “YIĞIM Ödəniş Sistemi”nin təsisçisi və direktoru Vüqar Cəfərov təltif olunublar.
Builki müsabiqənin qalibi isə “Sosial təsir” nominasiyasına layiq görülən “ZIRA Natural & Gourmet” brendinin təsisçisi Afət Əhmədova olub. O, Azərbaycanı “Dünya üzrə İlin İş Adamı” müsabiqəsinin beynəlxalq mərhələsində təmsil edəcək. Afət Əhmədova deyib: “Səylərimin münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilməsi məni olduqca qürurlandırır. Gördüyüm işlər inanclarımı və fəlsəfəmi əks etdirir, bunların dəyərləndirilməyinə çox şadam”.
“EY Azərbaycan” şirkətinin ölkə üzrə idarəedici partnyoru İlqar Vəliyev: “Son iki il Azərbaycanda və dünyanın digər ölkələrində fəaliyyət göstərən sahibkarlar üçün olduqca çətin olub. EY-in ölkəmizdə təşkil etdiyi müsabiqənin məqsədi mövcud maneələri aşaraq yaşanan çətinliklərə baxmayaraq yollarına davam etməyə qərar vermiş şəxsləri qiymətləndirməkdir. İnanıram ki, əzm və dayanıqlıq nümayiş etdirən insanlar digərlərini ruhlandırmağa və bizneslərini inkişaf etdirməyə davam edəcəklər. “EY şirkəti yaşadıqları və fəaliyyət göstərdikləri icmalar üçün dəyər yaradan, olduqca maraqlı uğur hekayəsi olan “EY İlin İş Adamı 2022” müsabiqəsinin iştirakçılarını mükafatlandırmaqdan qürur duyur”.
“Kiçik və orta biznesin dəstəklənməsi Azərbaycanın iqtisadi inkişafı baxımından prioritetlərdən biridir və bu hədəfə çatmaq üçün bir sıra mühüm addımlar atılıb. Tərəfdaşlığımızla ardıcıl olaraq 3-cü dəfə keçirilən “EY İlin İş Adamı” müsabiqəsinin kiçik və orta sahibkarlığı diqqət mərkəzində saxlamasından olduqca məmnunuq. Sahibkarların fəallığı və bu müsabiqədə iştiraka maraq göstərməsi də bizi sevindirir. Müsabiqəni dəstəklədiyi və həyata keçirdiyi üçün “EY Azərbaycan” şirkətinə və bütün tərəfdaşlara təşəkkür edirəm”, – deyə tədbirə virtual formatda qoşulan KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov qeyd edib ki, “EY İlin İş Adamı” müsabiqəsinə üçüncü ildir maliyyə tərəfdaşı dəstəyimizdən məmnunuq. Ölkəmizin aparıcı bankı kimi hər zaman iş adamlarının yanındayıq. Sərfəli məhsul və xidmətlərimizlə biznesin maliyyə ehtiyaclarını təmin edirik. Eyni zamanda, maraqlı layihələrimizlə də sahibkarların biznesinə dəyər qatmağa çalışırıq. “EY İlin İş Adamı” müsabiqəsi də belə layihələrdəndir. Bu müsabiqə Azərbaycanda xoş bir ənənəyə çevrilir və ölkəmizdə biznes mədəniyyətinin inkişafına fayda verir.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və “Ekvıta konsaltinq” şirkəti müsabiqənin tərəfdaşları sırasındadır.
Qeyd edək ki, “EY şirkəti” tərəfindən təsis edilmiş “EY İlin İş Adamı” müsabiqəsi 1986-cı ildən etibarən keçirilir. Dünyanın ən nüfuzlu işgüzar mükafatlarından biri olan “EY İlin İş Adamı” proqramının məqsədi yüksək potensiala malik iş adamlarının sahibkarlıq fəaliyyətini təşviq etmək, liderliyi və uğurlarını nümayiş etdirməklə başqalarını da ilhamlandırmaqdır. “EY İlin İş Adamı” 60-dan çox ölkənin 145-dən artıq şəhərini əhatə edən regional, milli və qlobal proqram çərçivəsində uğurlu, inkişaf edən və dinamik biznes quran sahibkarları üzə çıxarır.