EY Azərbaycan şirkəti növbəti “EY İlin İş Adamı” proqramına start verdiyini elan etdi.
FED.az xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən sahibkarlar və iş adamları bu gündən etibarən öz ərizələrini proqramın komitəsinə təqdim edə bilərlər. EY şirkəti tərəfindən təsis olunan bu müsabiqə dünyada biznes mükafatı təqdim edən ən nüfuzlu proqramdır.
Liderlik və uğur nümayiş etdirən iş adamları fəaliyyət sahəsindən asılı olmayaraq proqrama qoşulmaq üçün ərizələrini 31 dekabr 2022-ci ilədək təqdim etməyə dəvət olunurlar.
EY Azərbaycan şirkətinin ölkə üzrə idarəedici partnyoru və milli “EY İlin İş Adamı” müsabiqəsinin rəhbəri İlqar Vəliyev bunları söyləyib: ““EY İlin İş Adamı” proqramını ölkəmizdə artıq dördüncü dəfə keçiririk və bu məni həqiqətən sevindir. Bu il də biz bu çətin dövrdə davamlılıq və əzmkarlıq nümayiş etdirən və ətrafındakı icmaların həyatlarını yaxşılaşdırmaqda davam edən kiçik və orta sahiblərə diqqətimizi yönəltmişik."
“Müsabiqənin milli mərhələsinin qalibi daha sonra "EY Dünya Üzrə İlin İş Adamı" müsabiqəsində Azərbaycanı təmsil etmək və digər ölkələrin finalçıları ilə yarışmaq imkanı əldə edəcəkdir. Bu, istedadlı sahibkarlarımızı qlobal miqyasda diqqət mərkəzinə gətirmək və tanıtmaq üçün əla bir fürsətdir" – deyə İlqar Vəliyev əlavə etdi.
Kim iştirak edə bilər?
Proqram Azərbaycanda istənilən sahədə fəaliyyət göstərən sahibkarlar üçün açıqdır. Namizədlər şirkətin fəaliyyətində əsas məsuliyyəti daşımalı və şirkətin ən azı 20% hissəsinə sahib olmalıdırlar. Son iki il ərzində şirkətin dövriyyəsi ən azı 1 maliyyə ili üzrə 300 min manatdan 30 milyon manatadək olmalıdır. Uyğunluq meyarları və müsabiqə ilə bağlı ətraflı məlumatla proqramın rəsmi saytında https://www.eoy.az tanış ola bilərsiniz.
EY Azərbaycan “EY İlin İş Adamı” proqramını təşkil edir, lakın müsabiqənin qalibini tam müstəqil jüri müəyyən edəcək. Belə ki, finalçılar və yarışın qalibi tanınmış sahibkarlar, dövlət şirkətlərinin top-menecerləri ve beynəlxalq maliyyə qurumlarını təmsil edən idarəçilərdən ibarət müstəqil münsiflər heyəti tərəfindən seçiləcək.