“ABAD”ın ərzaq məhsulları istehsalı üzrə dəstəklədiyi ailələrdən biri Balakən rayonunda yaşayan Əliyevlər ailəsidir. Ailə başçısı Əlixan Əliyev artıq bir neçə ildir ki, öz təsərrüfatını mürəbbə, cem və kompot istehsalı üzrə qurub.
FED.az xəbər verir ki, ailə hazırladığı məhsulların bir hissəsini şəxsi tələbatları üçün istifadə etsə də, böyük hissəsini yerli bazara çıxarır.
Əlixan Əliyev cem və mürəbbə istehsalı üzrə ailə biznesini inkişaf etdirmək, böyük bazarlara çıxış əldə etmək üçün “ABAD”a üz tutub. “ABAD” ailəni mürəbbələri daha keyfiyyətli və standartlara uyğun hazırlamağa imkan verən zəruri istehsal avadanlıqları ilə təmin edib. “ABAD”çı üçün “Yay səbəti” mürəbbə brendi yaradılıb. İstehsal olunan məhsullar “bir pəncərə” prinsipi üzrə sertifikatlaşdırılıb.
Ailə “Yay səbəti” brendi altında zoğal, ərik, albalı, böyürtkən mürəbbələri, armud və əncir cemlərinin hazırlanması ilə məşğuldur.
Əlixan Əliyev gələcəkdə bazara çıxarılacaq məhsul çeşidlərinin sayını artırmağı düşünür. O, bu mürəbbə növlərini əsasən şəxsi təsərrüfat sahəsində yetişdirdiyi, özünün becərdiyi ağaclardan dərilmiş meyvələrdən hazırlamağa üstünlük verir. Ailə başçısı bu işdə “ABAD”ın dəstəyinə güvənir.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2016-cı il 23 sentyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) tabeliyində “ABAD” publik hüquqi şəxs yaradılıb. “ABAD” mərkəzləri tərəfindən dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək layihələri reallaşdırılır. Həmçinin ailə təsərrüfatlarına biznes-planlaşdırma, marketinq, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım xidmətləri göstərilir. İstehsal olunmuş məhsulların “bir pəncərə” prinsipi üzrə sertifikatlaşdırılması, logistika işinin və satışların təşkili də “ABAD” tərəfindən həyata keçirilir.
@azertag