Yaradıcı fəaliyyətlə məşğul olan sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin tanıdılması və satışı üçün yeni onlayn platforma - www.artsale.az saytı yaradılıb. Platformanın yaradılmasında məqsəd ölkəmizdə yaradıcı sahələrdə biznesin inkişafını dəstəkləməkdir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) FED.az-a bildirilib ki, təsviri sənət, rəsm əsərləri, müxtəlif növ əl işləri, suvenir, aksesuar və digər məhsullar hazırlayan və bu işi biznesə çevirən yaradıcı insanlar www.artsale.az saytında öz şəxsi kabinetlərini, yəni “Art mağaza”larını yaradaraq istehsal etdikləri məhsulları satışa çıxara bilərlər. Platformada yaradıcı xidmətlər, o cümlədən dizayn, tədbir təşkilatçılığı, foto, video, poliqrafiya və s. xidmətlər haqqında da elan yerləşdirmək və onları potensial müştərilərə təqdim etmək mümkündür. “ARTSALE” platforması yaradıcılıqla fərdi qaydada məşğul olan sahibkarların şəbəkələşməsinə, qarşılıqlı ünsiyyətinə, məhsullarının ölkəmizlə yanaşı, xarici auditoriyaya tanıdılmasına da dəstək göstərir. İlkin mərhələdə platformaya məhsul və xidmətlərin yerləşdirilməsi ödənişsizdir.
Qeyd edək ki, “ARTSALE” layihəsinin maliyyələşdirilməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (tərəfindən KOB subyektinə qrant (18 200 manat) vəsaiti ayrılıb.