– “BBF-lə Startup” mentorluq layihəsində iştirak etmək fikri necə yarandı?
– Mənim təsisçisi olduğum “Mr.Master” və “Digital Room” layihələri BBF daxilində fəaliyyətə başlayıb. BBF bu layihələrdə mənə xüsusi dəstək göstərib. Həmçinin 10 illik maliyyə sektorunda Korporativ satış və Biznesin inkişafı istiqamətində fəaliyyətimi nəzərə alaraq, düşündüm ki, gənclərə yeni addımladıqları bu yolda təcrübə və biliyimlə dəstək ola bilərəm.
– Layihədə hansı mövzular yer alıb?
– Layihə zamanı üç mövzu – Biznes və Layihə İdarəçiliyi, Biznes Etikası, Korporativ görüşlərin təşkili və korporativ satış mövzuları yer alıb.
– Bundan əvvəl belə layihələrdə iştirak etmisinizmi və nə kimi fərq var?
– Mən gənclərə təmənnasız şəkildə daim dəstək ola biləcəyim və fayda verə biləcəyim hər bir layihənin icrasında iştirak etməyə çalışıram. Düşünürəm ki, layihənin ən böyük fərqi iştirakçıların əksəriyyətinin faktiki biznes sahibi olmamasıdır. Belə tədbirlər onlar üçün böyük təkandır.
– Layihədən yararlandıqdan sonra sahibkarlıq düşüncə tərzinə nə kimi təsir göstərdi?
– Layihənin icrasından sonra bir çox iştirakçı mənə şəxsən müraciət etdi. Onların real şəkildə biznes plan hazırlamasında dəstək olmuşam.
– Gənc mentor olaraq hansı sahədə inkişaf etməyə üstünlük verirsiniz? Başqa yeni biznes layihələriniz varmı?
– Növbəti il üçün əhalinin maliyyə savadlılığının artırılması istiqamətində təlimlər təşkil etməyi planlaşdırıram. Çünki ölkədə baş verən son iki devalvasiya göstərdi ki, əhalinin belə təlimlərə ciddi ehtiyacı var. Bu sahədə Azərbaycanda və ölkədən kənarda bir neçə qeyri-hökümət təşkilatları ilə danışıqlarım olub. Onlarla bu işlərlə ciddi şəkildə məşğul olmağı düşünürük.
– Gənc sahibkarlar üçün belə layihələrin hansı önəmi var?
– İlk növbədə, bu yolu özlərindən daha təcrübəli şəkildə keçən insanları tanıyırlar. Onlar bu fəaliyyətə başlayan zaman buraxdıqları səhvləri buraxmamağa çalışacaqlar. Apardığım təlimlərə istinad edərək deyə bilərəm ki, gənclər qazandıqları puldan düzgün istifadə etmək, investisiyasız biznes qurmaq və əllərində mövcud olan məhdud resurslardan faydalanaraq bizneslərini inkişaf etdirmək kimi şans əldə edirlər.
– Ölkədə gənc sahibkarların inkişafı üçün yaradılan şərait sizi qane edirmi?
– Ölkədə bu istiqamətdə ciddi işlər aparılır. Amma qeyd etməliyəm ki, hələ bu istiqamətdə gediləsi çox yol var. 2015-ci ildə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanun layihəsinin qəbul olunması, dövlət və bir sıra iri sahibkarlar tərəfindən böyük biznes mərkəzlərində gənclərin pulsuz şəkildə istifadəsinə verilən fəaliyyət məkanları buna əyani sübutdur.
– Hazırda göstərdiyiniz fəaliyyət barədə və qazandığınız uğurlar haqqında nə deyə bilərsiniz?
– İndi “Rabitəbank” ASC-də Biznesin inkişafı şöbəsinin müdiri vəzifəsində çalışıram. Əlavə olaraq, bir çox biznes sahiblərinə Biznesin inkişafı və marketinq sahəsində məsləhət xidmətləri göstərirəm. Azərbaycan Mikromaliyyə Assosiasiyanın (AMFA) üzvü, Marketinq komitəsinin sədri və həmtəsisçisiyəm. İki Startup layihə müəllifiyəm: Digital Room və Mr.Master. Digital Room layihəsi hazırda aktiv şəkildə fəaliyyət göstərir.
İki iqtisadi kitab müəllifiyəm: “İqtisadi Lüğət” və “Kredit”. “İqtisadi Lüğət” kitabı xüsusi dövlət şəhadətnaməsi ilə mükafatlandırılıb. “Kredit” kitabı dövlət universitetlərinin birində dərslik kimi istifadə olunur. Hər iki kitab ölkə prezidentinin şəxsi kitabxanasına əlavə edilib. 2013-cü ildə AMFA tərəfindən Azərbaycanın mikromaliyyə sektorundan “İlin Peşəkarı-2013” mükafatına layiq görülmüşəm. Ölkəmizə xarici sərmayənin cəlb olunması istiqamətində bir çox layihələrin iştirakçısı və rəhbəri olmuşam. Bu sahədə beynəlxalq dərəcəli sertifikatlar almışam.Qeyd edək ki, “Baku Business Factory” 2015-ci ilin may ayında yaradılıb. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək perspektivli biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.
@report