İyulun 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 815 minə yaxınlaşıb.
Dövlət Statistika Komitəsindən FED.az-a bildiriblər ki, hesabat dövründə hər beş fərdi sahibkardan dördü "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq", "Ticarət; nəqliyyat vasitələrinin təmiri", "Digər sahələrdə xidmətlərin göstərilməsi" və "Nəqliyyat və anbar təsərrüfatı" sahələri üzrə qeydiyyatdan keçib.
Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (30,1 faiz), Aran (20,7 faiz), Gəncə-Qazax (13,9 faiz) və Lənkəran (10,0 faiz) iqtisadi rayonlarında qeydiyyata alınıb.
Fərdi sahibkarların 78,5 faizini kişilər, 21,5 faizini isə qadınlar təşkil edib. Qadınlar "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq" fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 26,9 faizini, "Digər sahələrdə xidmətlərin göstərilməsi" fəaliyyət sahəsində 25,5 faizini, "Ticarət; nəqliyyat vasitələrinin təmiri" fəaliyyət sahəsində isə 20,7 faizini təşkil edir.
Sahibkar qadınların 32,0 faizi Bakıda, 17,5 faizi Aran, 16,8 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib. Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Bakıda (22,9 faiz), Gəncə-Qazax (26,0 faiz) və Lənkəran (22,5 faiz) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.