Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına alınması üçün verilən müddət 2018-ci ilin dekabrın 31-də bitib. Bu barədə FED.az-a Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.
Bu müddət ərzində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı ilə bağlı dəfələrlə sahibkarlara rəsmi müraciətlər olunub, mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilib və KİV-də Agentliyin adından sahibkarlıq subyektlərinə çoxsaylı xəbərdarlıqlar ünvanlanıb. Ancaq buna baxmayaraq qeydiyyat üçün kifayət qədər uzun bir müddətin ayrılmasına və prosedurun kifayət qədər asan olmasına baxmayaraq, qida məhsulları sahəsində fəaliyyət göstərən bir çox sahibkarlıq subyektləri qeydiyyatla bağlı müəyyən olunmuş vaxt çərçivəsində müraciət etməmişlər.
Bununla bağlı, qanunvericiliyin tələblərinə uyğun olaraq Agentlik tərəfindən indiyədək qida təhlükəsizliyi qeydiyyatından keçmək üçün müraciət etməyən sahibkarlıq subyektləri barədə inzibati tədbirlərin həyata keçirilməsinə, cərimələrin tətbiq olunmasına başlanılmışdır
Qeyd edək ki, Azərbaycan Respublikasında qida təhlükəsizliyi üzrə qeydiyyata alınmış sahibkarlıq subyektləri dövlət reyestrinə daxil edilir və həmin subyektlərə reyestrdən çıxarış verilir. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qida təhlükəsizliyi üzrə qeydiyyata alınmamış qida sahəsində fəaliyyət göstərən subyektlərin fəaliyyəti qadağandır.
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini dövlət qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır. Bildirilir ki, həyata keçirilən monitorinqlər zamanı qida təhlükəsizliyi qeydiyyatından keçməyən hər hansı sahibkarlıq subyeki aşkar olunarsa, dərhal həmin subyektlə bağlı qanunvericilik çərçivəsində inzibati qaydada cərimələr tətbiq olunacaqdır.