Azərbaycan və Qırğızıstanın biznes dairələri arasında əməkdaşlığın inkişafı müzakirə edilib.
Özbəkistan şirkətlərinin Azərbaycanda investisiya layihələri reallaşdırması - MÜZAKİRƏ EDİLİB
FED.az bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir.
Məlumata görə, Bişkek şəhərində AZPROMO-nun rəhbəri Yusif Abdullayev və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti Temir Sariyev arasında görüş keçirilib. Görüşdə ölkələrimiz arasında ikitərəfli iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən tikinti, kənd təsərrüfatı, sənaye, nəqliyyat və logistika, eləcə də ixracda əməkdaşlığın perspektivləri nəzərdən keçirilib. Yeni təsis olunan Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun ikitərəfli əlaqələrin inkişafına təkan veriləcəyi qeyd edilib.
Bununla yanaşı, görüşdə iki ölkənin biznes subyektləri arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub, iki qurum arasında təcrübə mübadiləsinin aparılması ilə bağlı razılıq əldə olunub.
Bundan başqa, Çolpon-Ata şəhərində Y.Abdullayev və Qırğızıstan Prezidenti yanında Milli İnvestisiya Agentliyinin (MİA) direktoru Umbriel Temiraliyev arasında görüş keçirilib. Görüşdə Azərbaycan-Qırğız İnkişaf Fondunun birgə investisiya layihələrinin maliyyələşdirilməsindəki gələcək rolu, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən ticarət, investisiya, turizm, alternativ enerji sektorlarında əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. Bildirilib ki, Azərbaycan və Qırğızıstan arasında investisiya tərəfdaşlığının gücləndirilməsi üçün Fondun geniş perspektivləri mövcuddur.
Tədbir zamanı Azərbaycan-Qırğızıstan İnkişaf Fondu çərçivəsində potensial layihələr müzakirə edilib.