Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Qida Təhlükəsizliyi üzrə Dövlət Agentliyi müxtəlif ərzaq satışı məntəqələrində apardığı araşdırmanın nəticəsi olaraq «BMS AQRO» şirkətinin istehsal etdiyi süd məhsullarının bəzilərinin, o cümlədən şirkətin əsas brendi sayılan “Ketchi” pendirlərində zərərli mikroblar aşkar etdiyini bildirmişdi. FED.az xəbər verir ki, bu araşdırmanın nəticəsi olaraq Agentlik «BMS AQRO»dan həmin məhsulların istehsalını dayandırmağı, onların satışdan yığışdırmağı tələb etmişdi. Amma qarşı tərəf, yəni «BMS AQRO» MMC Agentliyin araşdırmasının nəticələri və ona qarşı görülən tədbirlərə qəti etiraz edib.
Şirkətin rəhbəri Mülhazil Balakişiyevin bununla fikirlərini FED.az-a bölüşmüşdü.
İndi isə «BMS AQRO» MMC -nin rəhbərliyi baş verənlərlə bağlı QidaTəhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzliyə müraciət ünvanlayıb.
Müraciətdə analizlərin düzgün aparılmadığı, əldə edilən nəticələrin əslində pozuntuların olmasına əsas vermədiyi, bəzi məhsullar üzrə analizlərin nəticələrinin açıqlanmadığı bildirilir.
Ən maraqlısı odur ki, şireət rəhbərliyinin sözlərinə görə, «BMS AQRO» MMC-nin məhsullarının satışı analizin nəticələri məlum olmazdan əvvəl qadağan edilib. Başqa sözlə, hələ analizin nəticələri məlum olmadığı halda məhsulların satışdan yığışdırılmasına başlanıb.
«Nümunəni 209 keçidən götürüblər, mikrob isə 210-u keçidə tapılıb»
Müracətdə 12 sentyabr 2018 - ci il tarixli məktublarınıza və AQTİ - in Tədqiq (sınaq) nəticələrinə dair 12 sentyabr 2018 – ci il 0501 nömrəli protokoluna AQTİ - in 07 sentyabr 2018 - ci il tarixli P-0184 nömrəli Tədqiq (sınaq) nəticəsinə dair protokolunda göstərilənlərə əsasən aşağıdakılar bildirilir:
06.09.2018 - ci il tarixində Ağcabədi rayon, Ağabəyli kəndində yerləşən “BMS Aqro” MMC - ə məxsus fermada AQTA - ın 6 RBİ - in 4 əməkdaşı və mənim iştirakımla 209 baş keçinin hər birindən 2 (iki) ədəd qan nümunəsi götürülmüş və AQTA - ın əməkdaşları tərəfindən Bakı şəhərinə aparılmışdır. AQTA - ın Milli İstinad Laboratoriyası tərəfindən tərtib edilmiş 07.09.2018 - ci il tarixli P - 0184 nömrəli protokolunda isə 210 numunənin təqdim olunduğu, 209 nümunədə bruselyoz bakteriyasının aşkar olunmadığı və bir nömrəsiz serumda bruselyoz bakteriyasının aşkar olunduğu göstərilmişdir. Əlavə bir ədəd qan nümunəsinin haradan gəldiyini və bizim nümunələrlə birgə təqdim olunmasını aydınlaşdırmağınızı Sizdən rica edirəm.
«Hansı bakteriyanın tapıldığını açıqlamırlar»
Müraciətdə bildiriir ki, 06.09.2018 - ci il tarixdə 07.06.2018 - ci il tarixli motaldan 2 nümunə, 29.06.2018 - ci il tarixli motaldan 2 nümunə, 07.06.2018 - ci il tarixli vakuum paketlənmiş motal pendirindən 2 nümunə, 23.07.2018 - ci il tarixli yetişməkdə olan (salamurada duzlu suda olan pendirdən faktda yetişməkdə olan motal pendiri göstərilmişdir) şor məhsulundan 2 nümunə götürülmüşdür. 15.09.2018 - ci il tarixdə Mələk Əliyeva tərəfindən elektron poçtla göndərilmiş AQTA - ın Tədqiq (sınaq) nəticələrinə dair 0501 nömrəli protokolundan görünür ki, 23.07.2018 - ci il tarixli salamurada qoyulmuş pendir və şor müayinə olunmuşdur və hər iki məhsulda BCQB aşkar edilmiş, pendirdə duz kütlə payı normadan artıq olmuşdur. Bildirmək istərdim ki, hər iki məhsul satış obyektlərinə heç bir zaman çıxarılmamışdır. Beləki, uyğunlaşma mərhələsində olan pendir (salamura) 30-50 gün duzda qaldıqdan sonra motallara yığılır və 60 - 90 gün ərzində yetişdirildikdən sonra satışa çıxarılır. Yetişməmiş pendirdə duzun kütlə payının normadan artıq olması yetişmə prosesinə uyğundur. Salamura pendirində və şorda BCQB - in aşkar olunmasına qaldıqda isə hansı bağırsaq çöplərinin aşkar olunması protokolda göstərilməmişdir.
«Nümunələr əllə götürülüb» – QAYDA POZULUB
Ayrıca bilməyinizi istərdim ki, pendir və şor nümunələri götürülərkən sanitariya - gigiyena normaları kobud şəkildə pozulmuşdur. Beləki, nümunələr steril əlcək və alətlə götürülüb steril şüşə qabda qablaşdırılıb möhürlənməlidir. Bizim məhsullardan götürülmüş nümunələr isə bizim işçi tərəfindən yuyulmamış əllə götürülmüş, AQTA əməkdaşlarının hardansa tapıb gətirdiyi təxminən 250 - 330 qr tutumu olan yaşıl və bozumtul rəngli, iç tərəfi paslı olan qapaqla şüşə bankalara və selofan paketlərə qablaşdırılmışdır. Möhürlənib imzalanmamış AQTA əməkdaşları tərəfindən laboratoriyaya aparılmışdır.
Bu cür antisanitar şərtlərlə götürülmüş nümunələrdə nəinki BCQB, digər bütün növ bakteriyaların aşkar olunması qaçılmazdır.
«Yetişməmiş pendirlər satışdı olmur»
Şirkət rəhbəri bildirir ki, “Ketchi” markalı yetişməmiş pendir və şor heç bir zaman satışda olmamışdır:
«Yetişmiş motal pendirlərindən numunə götürülməsinə baxmayaraq, protokolda bu haqda heç bir məlumata rast gəlinmir. Yetişmiş motal pendirinə satışa çıxmamışdan öncə motalın çəkisinə uyğun olaraq pasterizə olunmuş soyuq su əlavə olunur. Bu da satışa çıxan pendirdə nəmişliyin və duzun kütlə payını normada sabit saxlayır. Marketlərdə uzun müddət açıqda qalan pendirlər geri qaytarılıb yenisiylə əvəz olunur».
«Analizi ayın 12-də götürüblər, satışdan ayın 7-si yığışdırılıb»
Müraciətdə bir maraqlı fakt vurğulanır ki, məhsullardan nümunələr sentyabrın 12-də götürülməsinə baxmayaraq artıq sentyabrın 7-dən şirkətin məhsullarının satışan çıxarılmasına başlanıb:
«Ticarət şəbəkələrindən AQTA - ın göstərişinə əsasən pendirlər satışdan çıxarılmış və marketlərin anbarında saxlanılır. Ticarət şəbəkələri AQTA - ın malları geri qaytarılmasına qadağa qoyduğunu söylədilər. AQTA tərəfindən malların satışdan çıxarılmasına dair göstərişlər, nümunələr tədqiq olunmamışdan çox əvvəl verilmişdir. Belə ki, baxmayaraq müayinə 12.09.2018 - ci il tarixdə aparılmış və nəticəsi şirkətimizə 15.09.2015 - ci il tarixdə email vasitəsilə göndərilmişdir. 07.09.2018 - ci il tarixdə “Bravo”, 08.09.2018 - ci il tarixdə “Araz”, “Spar”, “Favorit”, 13.09.2018 - ci il tarixdə isə “Megastore” marketlər şəbəkəsindan “Ketchi” markalı yetişmiş motal pendirləri AQTA - ın göstərişi ilə satışdan çıxarılmış, selofan torbalara yığılmış və AQTA əməkdaşları tərəfindən plomblanmışdır. Bu haqda bizə marketlər məlumat vermişdir.
«Belə çıxır ki, nümunələr bizə aid deyil»
İş adamı bildirir ki, sadalanan faktlar vəziyyətlə bağlı müəyyən nəticələr çıxarmağa imkan verir:
• Tədqiq olunan və brusella aşkar edilmiş qan nümunəsinin bizə aid olması şübhə doğrurur.
• Aşkar olunmuş BCQB hansı növ bakteriya olması göstərilməmişdir. Bu bakteriya nümunələrin götürülməsi və qablaşdırılması qaydalarının kobud şəkildə pozulması nəticəsində ortaya çıxa bilər.
• Salamurada yetişməyə qoyulan təzə pendirdə duzun normadan çox olması pendir uyğunlaşması prosesinə uyğundur.
• Ticarət şəbəkələrində əsas satış payı olan yetişmiş motal pendirindən 6 ədəd nümunə götürülməsinə baxmayaraq (antisanitariya şəraitində götürülüb), tədqiq nəticələr protokolunda qeyd olunmamışdır. Baxmayaraq ki, nümunələrin hamısı eyni zamanda götürülmüşdür.
• Protokolda nöqsanlar aşkar edilmiş salamura pendiri (tədqiq protokol və nümunə götürmə aktında yetişməmiş motal pendiri göstərilmişdir) və şor heç bir zaman satışa çıxarılmamışdır.
• Ticarət şəbəkələrində malların yığışdırılması proseduru pozulmuşdur. Belə ki, 06.09.2018 - ci il tarixində “BMS Aqro” MMC - ə məxsus fermada götürülmüş pendir və şor nümunələri 12.09.2018 - ci il tarixdə müayinə olunmuş, 15.09.2018 - ci il tarixdə email vasitəsilə istehsalçiya xəbərdarlıq göndərilmişdir. Lakin “Ketchi” markalı məhsulların ticarət şəbəkələrindən yığışdırılması haqda AQTA tərəfindən göstəriş müayinədən daha öncə, 07.09.2018 – ci il tarixində verilmişdir.
«Bizə maliyyə itkisi, reputasiyamıza zərər dəyib»
M.Balakişiyev bildirib ki, məsələnin mətbuatda da işıqlandırılmasını nəzərə aldıqda bütün bunlar şirkətin həm reputasiyasına zərər vurub, həm də maliyyə itkiləri ilə nəticələnib.
Mətbuatda 13.09.2018 tarixdə AQTA tərəfindən gedən məlumatlar rezonans doğurmuş, şirkətimizə, “Ketchi” markasına və şəxsim də daxil olmaqla əməkdaşlarımızın imicinə ciddi xələl gətirmiş və ciddi maliyyə itkisinə gətirib çıxarmışdır.
«Odur ki, yuxarıda göstərilən halların araşdırılmasını və hüquqlarımızın bərpa olunmasına köməklik göstərilməsini Sizdən xahiş edirəm. “BMS Aqro” MMC olaraq bildirmək istiyirəm ki, şirkətimiz ərzaq və qida təhlükəsizliyi sahəsində AQTA ilə hər cür əməkdaşlığa hazırdır»-deyə müraciətdə bildirilir.
«Analizin nəticələrinə inanmırıq» - İŞ ADAMINDAN AGENTLİYƏ ETİRAZ
12:05
20 Sen 2018