İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzində dövlət satınalmaları, hüquqi şəxslərin dövlət qeydiyyatı, tikinti və elektron məhkəmə sahəsində aparılan iqtisadi islahatlar konsaltinq və İT şirkətlərinə təqdim olunub. Təqdimatları Ali Məhkəmə, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndələri həyata keçirib.
FED.az xəbər verir ki, İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Prezident İlham Əliyev tərəfindən dövlət aparatının çevikliyinin və səmərəliliyinin daha da artırılması, hesabatlılığın və şəffaflığın təkmilləşdirilməsi, biznes mühitinin yaxşılaşdırılması məqsədilə son bir ay ərzində kompleks islahatlar həyata keçirilib.
Tədbirdə tikintiyə icazə verilməsinə vahid yanaşmanın tətbiq edilməsi istiqamətində yeni icazə qaydaları, dövlət satınalmaları ilə həyata keçirilən yeniliklər, vahid satınalma portalının yaradılması istiqamətində görülən işlər, elektron məhkəmə, bir prosedurla hüquqi şəxslərin dövlət qeydiyyatının həyata keçirilməsi ilə bağlı təqdimatlar olub və özəl sektorun nümayəndələri ilə müzakirələr keçirilib.
İştirakçılara məlumat verilib ki, sahibkarlıq subyektləri üçün əlverişli biznes mühitinin formalaşdırılması, səmərəliliyin və operativliyin artırılması istiqamətində görülən işlər nəticəsində tikinti obyektinin tikintisi və istismarına icazələrin alınması üzrə prosedurların və günlərin sayı azaldılmış, hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə dövlət qurumları arasında inteqrasiya nəticəsində sadəcə bir prosedurla qeydiyyat mərhələsinin bütünlüklə aparılması imkanı yaradılıb. Həmçinin elektron satınalma modelinə keçid təmin edilib.
Ali Məhkəmə, Vergilər, Ədliyyə, Agentlik və Komitə - SAHİBKARLARA GÖRƏ TOPLANDI
16:57
25 Yan 2019