"Təəssüf ki, qeydiyyatın başlamasından xeyli vaxt keçməsinə və prosedurun kifayət qədər asan olmasına baxmayaraq, qida məhsulları sahəsində fəaliyyət göstərən bir çox sahibkarlıq subyektləri müəyyən olunan vaxt çərçivəsində qeydiyyatdan keçmək üçün müraciət etməyiblər".
Bu barədə FED.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Qeyd olunub ki, “Yeyinti məhsulları haqqında” qanuna əsasən (maddə 7), Azərbaycanda qida məhsulları sahəsində çalışan subyektlərin fəaliyyəti qida təhlükəsizliyi üzrə mövcud texniki normativ hüquqi aktların tələblərinə, sanitar-gigiyena, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun təmin edilməsi məqsədi ilə yoxlanılır, yeyinti məhsulları ekspertizadan keçirilir və həmin subyektlər qida təhlükəsizliyi üzrə qeydiyyata alınır. Qida təhlükəsizliyi üzrə qeydiyyata alınmış subyektlər dövlət reyestrinə daxil edilir və həmin subyektlərə reyestrdən çıxarış verilir. Qanunun 7.3-cü maddəsinə əsasən, Qida təhlükəsizliyi üzrə qeydiyyata alınmamış təsərrüfat subyektlərinin fəaliyyəti qadağandır: "Bununla bağlı, Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərini öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirməyə dəvət edir və bildirir ki, qanunsuz fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə bağlı, qanunvericiliyin tələbləri çərçivəsində, ciddi tədbirlər həyata keçiriləcək".