2024-cü ilin ən fəal sahibkarları mükafatlandırılır.
FED.az xəbər verir ki, 2024-ci il üzrə “Dayaq” mükafatının sahibkarlara təqdim edilməsi üçün İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə tədbir keçirilir. Tədbirdə dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, sahibkarlar, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.
Sahibkarların ölkə iqtisadiyyatına verdiyi töhfə nəzərə alınaraq, artıq 3 ildir ki, biznes nümayəndələrinə “Dayaq” mükafatı təqdim edilir. KOBİA tərəfindən 2022-ci ildə təsis edilmiş “Dayaq” mükafatının məqsədi biznesində innovativ və müasir yanaşmalar tətbiq edən, ixracyönümlü məhsul və xidmətlər istehsal edən, aktiv investisiya fəaliyyəti ilə seçilən, məşğulluğun təmin edilməsinə öz töhvəsini verən şirkətləri mükafatlandırmaqla onları stimullaşdırmaq, eləcə də sahibkarların qazandıqları uğurları ictimaiyyətin diqqətinə çatdırmaq, biznes düşüncə tərzini təşviq etmək, dövlət və özəl sektor arasında əlaqələri daha da möhkəmləndirməkdir. Rəmzi məna daşıyan “Dayaq” mükafatı həm də dövlətin daim sahibkarların yanında olduğunun göstəricisidir.
Tədbirdə 2024-ci ildə uğur qazanmış 15 sahibkarlıq subyektinə dövlət qurumlarının rəhbər şəxsləri tərəfindən müxtəlif nominasiyalar üzrə “Dayaq” mükafatları təqdim edilib. Sahibkarlar “Turizm”, “Fəal xarici şirkət”, “Fəal ixracatçı şirkət”, “Uğurlu fermer”, “Gənc sahibkar”, “Uğurlu qadın sahibkar”, “İlin investoru”, “Əlillik məhdudiyyət deyil”, “İnnovativ həllər”, “Uğurlu startap”, “Naxçıvan Muxtar Respublikasında uğurlu şirkət”, “Halal biznes”, “Azad olunmuş ərazilərdə uğurlu biznes”, “Yaşıl biznesin təşviqi” və “Təmiz ətraf mühit və yaşıl artım” nominasiyaları üzrə mükafatlandırılacaqlar.