Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Agentliyin nümayəndələri “Avrora Sənaye Parkı”nda istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olublar.
FED.az xəbər verir ki, tanışlıq zamanı istehsal müəssisələrinin fəaliyyəti barədə məlumat verilib. Şirkətin rəhbəri Ceyhun Abbasov qonaqlara məlumat verərək bildirib ki, distribütorluqla yanaşı, 2001-ci ildən istehsalla məşğul olan “Avrora Qrup”un “Avrora Sənaye Parkı”nda makaron, qənnadı, qazlı və qazsız içkilər, karbon dioksid və un fabrikləri fəaliyyət göstərir.
Bu müəssisələrdə 50-dən çox çeşiddə məhsul istehsal olunur. Şirkətin istehsal müəssisələrində 400-ə yaxın, ümumilikdə isə 3500-dən çox işçi çalışır. “Avrora Qrup”un istehsal etdiyi məhsullar yerli bazarla yanaşı, müxtəlif ölkələrə də ixrac edilir.
Hazırda “Avrora Qrup”un məhsulları Kanada, İsrail, Çin, Rusiya, Gürcüstan, İran, İraq, Qazaxıstan, Özbəkistan və Türkmənistana ixrac edilir.
Şirkət Kanadaya demək olar ki, istehsal etdiyi bütün məhsullar - «Harika» makaronlarını, «Harika» qazoz, «Berg Qlükoza» və «Berg enerji» içkilərini və qənnadı məhsullarını icxrac edir. Çin və İsrailə də şirkətin istehsal etdiyi qənnadı məhsulları ixrac olunur. İxrac edilən qənnadı məhsullarına vafli, peçenye, biskvit məhsulları və sair aiddir.
Qeyd edək ki, "Avrora Qrup"un əsas üstünlüklərindən biri yerli və beynəlxalq standartların ən yüksək tələblərinə cavab verən istehsal sahəsi qurmasıdır. Bütün istehsal xətləri Abşeron yarımadasında – Avrora Sənaye Parkında yerləşir. Bu istehsal olunan məhsulların ölkənin bütün nöqtələrinə çatdırılması və logistika proseslərinin maksimal effektli olmasını təmin edir. Məhsulların keyfiyyətini istehsalda dünyanın aparıcı texnologiyaların istifadəsi təmin edir. Sənaye Mərkəzində fəaliyyət göstərən zavodlarda İsveçrənin “Buhler”, İtaliyanın “İmaforni”, “CFT” avadanlıqları qurulmuşdur. Bundan başqa makaron fabrikində İtaliyanın "Favo", vafli zavodunda Avstriyanın “Frans Haaz” şirkətinə məxsus avadanlıqlar qurulub.
«Avrora Sənaye Parkı»nda istehsal olunan məhsulların ölkənin bütün nöqtələrinə çatdırılması və logistika proseslərinin maksimal effektli olmasını təmin edilir.
Müəssisənin fəaliyyəti ilə tanışlıq çərçivəsində KOBİA nümayəndələri sahibkarla şirkətin inkişaf ehtiyaclarına və ixrac imkanlarının genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar.
«Avrora Sənaye Parkı»nda fəaliyyət göstərən şirkətlər və istehsal olunan məhsulların siyahısı genişdir
Qazlı sərinləşdirici içkilər
Avrora Qrup eyni zamanda qazlı içki bazarında da istehsalçı kimi tanınır. Şirkət 2014-cü ildə yeni istehsal sahəsini - qazlı sərinləşdirici içki istehsal edən zavodu istismara verdi. Bu zavod İtalyanın CFT avadanlıqları əsasında qurulub. Zavodun istismara başlaması ilə Avrora Qrup Bizon, Berg, Jaquar, Go brendləri ilə ölkəmizdə qazlı içki bazarında ön sıralara gəldi. Bu zavodda həmçinin Çinarlı süfrə suyu brendi də istehsal olunur.
Makaron istehsalı
2002-ci ildə Avrora Qrup ən müasir makaron fabrikinin inşasını başa çatdırmışdır. İstehsalın başlaması ilə xalqımız milli brendimiz - Doymak ilə tanış oldu və tez bir zamanda məhsul hər kəsin sevimlisinə çevrildi. Hal hazırda makaron fabrikinin aylıq istehsal gücü 3200 tondur. Əhalinin tələbatını nəzərə alaraq Avrora Qrup 2019-cu ildə yeni makaron fabrikinin tikintisinə start verdi. Bu fabrikdə ən müasir avadanlıqlar quraşdırıldı. 2021-ci ildə isə fabrik tam gücü ilə istehsalata başladı. Fabrikdə Doymak brendi ilə yanaşı Günaydın, Tanelli və Harika brendləri istehsal olunur. Fabrik 11 fərqli çeşiddə qısadoğranmış makaron və 2 çeşiddə spaqetti istehsal etmək gücünə malikdir.
Biskvit istehsalı
2002-ci ilin sonlarında Avrora Qrupun biskvit fabriki də fəaliyyətə başlamışdır. Bu fabrikdə istehsal üçün ən müasir texnoloji avadanlıq olan İtalyanın İmafoni xətti quraşdırılmışdır. Aylıq istehsal gücü 800 ton olan Fabrikdə kreker və vafli xətti də var. Alıcıların sevimli brendi olan Kreki, Sladyaona, Sladok, Naş maloçnik kimi brendlər bu fabrikdə istehsal olunur.
Un istehsalı
Avrora Qrup 2017-cı ildə Qafqazın Ən böyük və ən müasir dəyirman kompleksini ölkəmizə gətirərərk istismara vermişdir. Bu kompleksdə Avstriyanın Buhler avadanlıqları quraşdırılıb. Bu kompleks yeni makaron zavodu və biskvit zavodu üçün un istehsal etməklə yanaşı, digər partnyor şirkətlərin istehsal müəssisələrini xammalla təmin edir. Dəyirmanın aylıq un istehsal gücü 6500 tondur. Zavodda əhalinin tələbatını ödəmək üçün 1, 2 və 5 kiloluq Doymak adı ilə paketlənmiş un istehsal olunur.
Karbon Qazı istehsalı
“Avrora Qrup” 2020-ci ildə Türkiyənin “KGS” firmasının ən müasir karbon istehsalı avadanlıqlarını ölkəmizə gətirərərk 2021 -ci ildə istismara vermişdir. Karbon Fabrikində “Alfa Laval”, “KGS”, “Johnson Control” firmasının avadanlıqları quraşdırılıb. Karbon Fabriki həm İçkilər Fabrikini xammalla təmin edir həm də satış üçün karbon istehsalını həyata keçirir. Karbon Fabriki “Bizon”, “Berg”, “Yagur”, “Bingo”, “Stolichnaya”, “Strong”, “ Go Gold”, “Go Silver”, “Jara”, “CarlsBerg”, “NZS”, “TAC MMC”, “A+Co” kimi brendləri CO2 qazı ilə təmin edir.