Milyonçuların əksəriyyətini birləşdirən ümumi bir xüsusiyyət var - simiclik. Adətən qənaətcilliklə başlayan bu xüsusiyyət sonradan xəsisliyə və əsl paranoyaya çevrilir.
FED.az xəbər verir ki, Azərbaycanlı milyonçu Ağa Musa Nağıyev xəsisliyinə görə, bəzi əcnəbi milyonçular kimi Ginnesin Rekordlar Kitabına düşməsə də, əsl simiclik simvolu sayılır. Bu xüsusiyyəti onu var-dövlət sahibi etsə də, əsl faciə də yaşadıb.
Samançının milyonçu oğlu
Ağa Musa Nağıyev 1848-ci ildə Bakı quberniyasının Biləcəri kəndində anadan olub. Atası saman satmaqla məşğul idi və Musa ibtidai təhsilini mollaxanada aldıqdan sonra 25 yaşınadək kənddə ona kömək edir. 25 yaşına çatanda atası ölür. Öləndə atasının 300 manat borcu qalır. Ruhdan düşməyən Musa 200 manat da borc eləyib, özünə kiçik bir dükan açır. Beləliklə cibində bir qəpik olmadan 500 manat borcla biznesə başlayır.
İki ildən sonra borcunu qaytarır və parça alveri ilə məşğul olur. Beş ildən sonra 2 000 manat yığır, topladığı pula Qara Şəhərdə əllə işləyən kiçik bir kerosin zavodu alır. Sonra neftli torpaq sahələri alaraq neft istehsalına başlayır. Xüsusilə Bibiheybətin mədənlərində bir-birinin ardınca fontan vuran neft buruqları bir çoxları kimi onu da milyonçu edir.
Dünyanın ən zəngin ailələri açıqlandı - SİYAHI
Özü də get-gedə bacarıqlı bir iqtisadçı olur. Sərvət artdıqca həvəs, ehtiras da artır, gecə-gündüz işləyir, iş artdıqca qüvvə, arzu da böyüyür. 1893-cü ildə qonşu Sabunçuda, sonra Ramanada mədən salır. O zamanlar ən zəngin hesab edilən Bibiheybət dərəsində, Naftalan körfəzi sahilində mədən ələ keçirir. Qazılan quyuların hamısı güclü fontan vurur. Çox keçmir ki, Ağa Musa Suraxanıda da mədən salır. Qaraşəhərdə xüsusi neftayırma zavodu tikdirir, öz mədənlərində alınan neftdən başqa, həm də kənar neftxudalar üçün neft təmizlətdirib haqqını alır. Mexaniki emalatxana düzəltdirir. Hər yerdən qara neft qızıla çevrilib bulaq kimi sandıqlarına axır...
XIX əsrin lap sonlarında Ağa Musa «Neftçıxarma firması» yaradır. Şəhərdə çoxlu mülk tikdirir və alır, yüzə qədər əzəmətli bina və neçə-neçə gəmi sahibi olur.
«Xozeyn hesabına yox, öz hesabıma…»
Ağa Musa artıq xərcdən, israfçılıqdan qaçardı. Onun əsl simiclik həddinə çatan bu xüsusiyəti barədə rəvayətlər gəzir.
Bir dəfə dənizdə bərk tufan olur, çoxlu gəmi batır. Ağa Musanın gəmilərindən birinin kapitanı gəlib xəbər verir: «Yükü və gəmini zorla xilas etmişəm, qoyun qurbanı nəzir demişəm, icazə ver...». «Qurban» sözünü eşidən Ağa Musa bərk dilxor olub, kapitanın sözünü yarıda kəsir: «Çox nahaq yerə! Atam-atam, (onun hamıya müraciət forması idi) qurbanı mənim hesabıma niyə nəzir edirsən? Belə vaxtlarda əhd elə ki,bir həftə oruc tutaram, gəmidə xozeyin hesabına yox, öz hesabıma yeyərəm».
ABŞ-ın məşhur ştatı necə satıldı? - "LUİZİANA ALVERİ - TARIX
Hətta Ağa Musanın pulunu xərcləyən ailə üzvləri də ondan səxavətli idilər. Qriqori Aleksandroviç Qazarbəyov yazır ki, bir dəfə Hacı Zeynalabdin Tağıyevin təşkil etdiyi xeyriyyə gecələrindən birində Ağa Musa onun qarşısına gətirilən məcməyiyə əli əsə-əsə cəmi 3 manat atır. Hacı Zeynalabdinin həyat yoldaşı Sona xanım ona bildirəndə ki, oğlu İsmayıl 100 manat ianə edib, Nağıyev bildirir ki, «Ona nə var, o milyonçu Ağa Musanın oğludur, mən kimin oğluyam, saman satan biləcərili Nağının...».
Nağıyevi niyə oğurlamışdılar?
Ağa Musa ölüm təhlükəsində də xəsisliyini yerə qoymurdu. Onu iki dəfə oğurlamışdılar. Manaf Süleymanlı «Eşitdiklərim, oxuduqlarım, gördüklərim» kitabında yazır ki, birinci dəfə faytona basaraq gözlərini bağlayıb gizli mənzilə gətirərək on min manat tələb edirlər. Ağa Musa isə min manatdan bir qəpik də artıq verməyəcəyini bildirir. Ölümlə təhdid edəndə halını pozmadan deyir: «Atam-atam, öldürün. Bir mini də ala bilməzsiz, o da əlinizdən çıxar». Onu üç gün girov saxlayıb, yedirdib-içirtsələr də boynuna min manatdan artıq qoya bilməmişdilər.
370 il əvvəlki istiqraz hələ də pul gətirir - TARİX
İkinci dəfə isə Ağa Musanı 1908-ci ilin dekabrında, Yeni il ərəfəsində oğurlamışdılar. Bu dəfə onu azad etmək üçün xeyli danışıq aparılmışdı, bura hətta Hacı Zeynalabdin Tağıyev də qatılmışdı. Onu yüz min manat alandan sonra azad etmişdilər. Özünün xəbəri olmasa da, onu oğurlayanın Stalin olduğu bildirilir. Alınan pullar isə bolşeviklərin xəzinəsinə gedib. Lakin bunu qoçuların intiqamı sayanlar da vardı. Çünki milyonçu xəsisliyinə görə qoçu saxlamırdı.
Milyonçunun səxavəti
Amma Ağa Musa məddahlığı səmimilikdən ayıra da bilərdi ki, bu da tərəfdaşlarını düzgün seçməkdə və biznesdə köməyinə gəlirdi. Bəzən isə heyrətamiz səxavət göstərirdi. İshaq Qaraxanov adında bir dəllək hər həftə evə gəlib Ağa Musanın saqqalını qırxardı. Bir dəfə dəllək yerə döşənmiş xalını göstərib deyir ki, xozeyin, dövlətli adamsan, bu xalını bağışla mənə. Və… Ağa Musadan görünməyən səxavət - işlər müdirinə tapşırır ki, bir belə xalı alıb ustaya versin.
Nazirlik, xəstəxana, hotel, restoran…
Musa Nağıyev neftdən qazandığı pulları daşınmaz əmlaka yatırır, inşa etdiyi binalardan da gəlir götürürdü. O dövrdə Bakını gözəlləşdirən binaların əksəriyyətinin sahibi Ağa Musa idi. Onun Bakıda 98 bina tikdirdiyi söylənilir.
Sadəcə iş yeri - OFİSLƏR – BİZNES TARİXİ
Binalardan öz dövründə də, elə sonralar da gəlir evləri, məktəb, mehmanxana, xəstəxanalar kimi istifadə olunub. Bu gün onlardan 25-i inzibati binalardır, «Azərittifaq»ın binası, Gül pasajı, Diaspora Komitəsinin binası, keçmiş Ali Məhkəmə, (indiki Ağır Cinayətlər Məhkəməsi), Tibb Universitetinin əsas korpusu, Azərbaycan Dölət İncəsənət Universiteti, İqtisad Universiteti, Dövlət Neft Şirkətinin köhnə binası, “LUKoyl”un yerləşdiyi bina, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin binası 28 May küçəsindəki qoşa imarət, yenə həmin küçədə qırmızı kərpicdən tikilmiş əzəmətli bina, Nizami küçəsində Opera və Balet Teatrının yanındakı yaşayış evi, “Azərbaycan” prospektində köhnə Zabitlər evi, “Astoriya” və “Yeni Avropa” mehmanxanaları və sair bu kimi şəhərin gözəgəlimli binaları Ağa Musa Nağıyevin pulu ilə tikilib.
Onun binalarının üstündə özünəməxsus emblem var. Hambal şələsi, şələnin kənarlarında saman çöpləri ortada isə MN hərfi. Bu onun atasının və özünün keçdiyi ömür yoluna işarədir. Ağa Musanın tikdirdiyi ən məşhur bina «İsmailiyyə» idi. Amma digər binalar onun var-dövlətinin simvolu olduğu halda «İsmailiyə» onun faciəsinin simvolu idi.
İsmayılın ölümü…, «İsmailiyyə»…
19-cu əsrin sonunda Ağa Musa Nağıyev həyatının xoşbəxt dövrünü yaşayırdı. Var-dövlət, şan-şöhrət, sevdiyi qadın və s. Hər şey ürəyincə idi. Amma bu vaxt onun yeganə oğlu İsmayıl vərəmə tutulur. O dövrdə Bakı milyonçularının ailələrini müalicə edən Vartapetov adlı məşhur həkim İsmayılı müayinədən keçirəndən sonra Nağıyevə deyir ki, oğlanın halı ağırdır, tez tədbir görülməsə, tələf olacaq, amma 50 minə müalicə oluna bilər: «Ağa İsmayılı özüm İsveçrəyə aparıb, bir il ərzində müalicə etdirib gətirərəm». Amma Musa Nağıyev cəmi on min manat verəcəyini bildirir, söhbət bununla bitir. Sonradan İsmayılın halı pisləşəndə Ağa Musa müalicəyə əlli min manat verməyə razı olur. Amma xəstəni yoxlayan həkim deyir ki, iş işdən keçib, indi onu heç yüz min manatla da xilas etmək mümkün deyil. Hacı Zeynalabdin Tağıyevin xahişi ilə doktor Məhəmməd Rza Vəkilov xəstə İsmayılı İsveçrəyə aparır, müalicədən sonra halı yaxşılaşır. Lakin o, çox yaşamır - 1902-ci ildə 27 yaşında rəhmətə gedir.
Azərbaycanlı iş adamları hansı universitetlərdə təhsil alıblar? – SİYAHI
Faciədən sarsılan Ağa Musa oğlunun xatirəsini əbədiləşdirmək üçün «İsmailiyyə» binasını inşa etdirir. 1913-cü ildə başa çatan «İsmailiyyə» indi də şəhərin ən gözəl tarixi memarlıq incilərindən sayılır.
Kazinoda oturan «xilaskar»
Dövrünün məşhur «Qış klubu» adlanan əzəmətli binası və ona bitişik «Astoriya» mehmanxanası da Musa Nağıyevin idi. Milyonçu bu binalardan çoxlu mənfəət götürür, kirə alırdı. Hər iki binanı bir gürcü icarəyə götürüb kazino kim işlədirdi. Ağa Musa bəzən kazinodakı otağında əyləşib, qumar oynayanlara baxar, arabir mürgüləyərdi; var-yoxunu uduzanlar saman çöpündən yapışan kimi Ağa Musanın üstünə qaçar, ətəyindən tutub yalvarardılar. O isə halını pozmadan bircə kəlmə ilə qərarını deyərdi. Hamı bilərdi ki, onun qoyduğu şərt dəyişmir. Bu yolla iri imarətlər, neftli torpaq, mədən və zavodlar, gəmilər onda bir, iyirmidə bir qiymətində, dəyər-dəyməzinə Ağa Musanın mülkiyyətinə keçirdi.
«Ev tikdirən adamı əcəl aparmır»
Ağa Musa ağır xəstəlikdən sonra 1919-cu ilin aprel ayında vəfat edib. Qədim Şərq rəvayətində deyilir ki, ev tikdirən adamı əcəl aparmır. Ağa Musa da istəyirdi ki, 100 bina tikdirib 100 il yaşasın. Ancaq 98 bina tikdirən Ağanın vəfat edəndə heç 70 yaşı da olmayıb. Həmişə deyərmiş ki, 2 bina da tikə bilsəydim, yəqin ki, 100 il yaşayaram.
Pullar İngiltərə və İsveçrə banklarındadır
Bəs Ağa Musanın sərvəti kimə qismət oldu? Milyonçunun nəvəsi, Rusiya vətəndaşı Dilarə Nağıyeva deyir ki, atası Fərəc Nağıyevin (İsmayıl öldükdən sonra Ağa Musa qardaşı Ağəlinin oğlunu övladlığa götürür – red.) sözlərinə görə, Ağa Musa Nağıyev pullarını xarici banklara yatırıb: «Babam bu pulları Bakı və Rusiya banklarında saxlamaq istəsə də, onlar qəbul etməyiblər. O da məcbur olub İngiltərə və İsveçrə banklarında yerləşdirib».
Müflisləşmə bədbəxtlik yox, əksinə, faydalıdır – BİZNES TARİXİ - I HISSƏ
Hazırda xarici banklarda Ağa Musanın qızıl pulla 413 milyonu qalıb. Amma kod sözünü bilmədiyinə görə, ailəsi həmin pulları ala bilmir: «Bankda bizdən kod istəyirlər, biz isə bilmirik. 1938-ci ildə həmin banklardan atama çek göndəriblər ki, gəlin pulları alın. Amma DTK-da bundan xəbər tutub, atamı incidiblər. Çeki ona yedizdirib, sonra da 7 saat ac saxlayıblar ki, çek həzm olunsun. Ona görə də pulu ala bilmirik. Amma Azərbaycanın adından dövlət olaraq müraciət edib pulu geri qaytara bilərik».
İndi Nağıyevlər ailəsinin tək istəyi onun varidatını xarici banklardan geri almaq və həmin pula Bakıda iki bina tikdirməklə Ağa Musa Nağıyevin 100 binanın sahibi kimi adını tarixə salmaqdır.
Naibə Qurbanova