Dünyada indiyədək faiz ödəyən ən qədim istiqraz 1648-ci il mayın 15-də Hollandiyanın «De Stichtse Rijnlanden» kooperativi tərəfindən buraxılıb. FED.az Socaristiqraz.az-a istinadən bildirir ki, kooperativin üzvləri Cənubi Reyn regionundakı sədləri və kanalları idarə edən torpaq sahibləri və imkanlı şəxslər idi. Həmin istiqraz isə Lek çayında limanın tikintisi üçün buraxılmışdı. İstiqraz keçi dərisindən ibarətdir, dərinin üzərində isə onun şərtləri yazılıb.
Şərtlərdə istiqrazın müddətinin nə vaxt başa çatacağı qeyd edilməyib və məlum olur ki, onun sahibləri müddətsiz olaraq ildə 5% gəlir götürə bilərlər. Doğrudur, sonradan faiz dərəcəsi əvvəl 3,5%-ə, sonra isə 2,5%-ə endirildi.
Hazırda bu istiqrazlardan biri və böyük ehtimalla yeganə nüsxəsi ABŞ-ın məşhur Yell universitetində saxlanılır. Universitet bu istiqrazı 2003-cı ildə 24 min avro qiymətə alıb, burada istiqraza tarixi eksponat kimi yanaşır və ondan gəlir əldə etmək imkanını ağıllarına da gətirmirdilər.
Amma 2015-ci ildə universitetin professoru Hert Ruvenxorst Hollandiyaya səfər edərkən məlum oldu ki, istiqraz indiyədək gəlir gətirir. Professor Utrext şəhərinin Su Ehtiyatları İdarəsində olarkən ona qiymətli kağız üzrə faiz ödənişi kimi 136,2 avro məbləğ ödənildi.
«Bu istiqrazlar – müddətsiz buraxılan və indiyədək faiz ödəyən qiymətli kağızların nadir nümunələrindəndir. Belə bir halın olması qeyri-adidir»-deyə professor bildirib.