Sizdən harada yaşadığınızı soruşanda cavab verməyə tələsməyin. Çünki söhbət təkcə evinizdən getmir - hesablamalara görə, müasir şəhərlərin əhalisinin yarıdan çoxunun vaxtının böyük hissəsi evdə yox, ofisdə keçir. Deməli, ofislər də ev kimi rahat olmalı, burada işləməklə yanaşı, istirahət şəraiti də yaradılmalıdır. İndi belə ofislər az deyil, amma bu səviyyəyə çatanadək ofislər maraqlı inkişaf yolu keçiblər. FED.az bu dəfə oxucularına ofislərin tarixini təqdim edir.
Mənzil-qərargah
Müasir ofis təkcə müəyyən ölçülərə malik olan yer deyil. Hazırda bura "canlı" ərazi sayılır. Dünyada baş verən qloballaşma və kompüter texnologiyalarının kütləvi surətdə tətbiqi ofislərə də təsirsiz ötüşməyib. Nəticədə, hazırda ofislər şirkətlər üçün mənzil-qərargah rolunu oynamağa başlayıblar. Ofis məkanı ilk növbədə rahat iş şəraiti baxımından planlaşdırılır və tikilir. İndi ofislər təkcə şirkətin işini təmin etməməli, eyni zamanda işçilər üçün rahat iş yerini təmin etməli, eləcə də, qonaqlarda xoş təəssürat oyatmalıdır.
Ofislər tarixi: Mirzələrdən birjaya qədər
Ofislərin ilk bənzərləri bir neçə yüz il bundan əvvəl yaranıb. Bunlar əlyazma ilə məşğul olanların - xəttatlar və ya mirzələrin otaqları idi. Belələri təkcə müqəddəs kitabları köçürmürdülər, həm də əsl «ofis işi» ilə məşğul idilər - təsərrüfat qeydləri və hüquqi sənədləri, kəbin və müqavilələri hazırlayır və arxivləşdirirdilər.
Kitab çapının kəşf edilməsi ilə əlaqədar olaraq mirzələrə tələbat azaldı - əvəzində belə şəxslərin məşğul olduğu işlər dəqiqləşdi. İndi onlar hüquqşünas və mühasiblərə çevrilmişdilər.
16-cı əsrdə isə - kapitalizmin inkişafı ilə bağlı olaraq - əsl ilk ofislər - kontorlar yaranmağa başladı. İlk ofislərdən biri ticarət birjaları idi. Burada ilk mərtəbədə ticarət dükanları, ikinci mərtəbədə isə böyük birja zalı və maklerlərin kabinetləri yerləşirdi.
Həmin vaxtlar ofislər geniş idi - bir nəfərə təqribən 20-30 kvadratmetr sahə düşürdü. Müqayisə üçün, indi bir ofis işçisinə orta hesabla 15 kvadratmetr ofis sahəsi düşür.
Ofislərdə Amerikan dəbi
Ofislərin biznes üçün vacibliyi isə ilk dəfə olaraq 18-ci əsrdə ortaya çıxdı. Biznes tədricən insanların ən vacib məşğuliyyətinə çevrilirdi, onunla rahat və səmərəli məşğul olmaq üçün ayrıca sahələr tələb olunurdu. 17-18-ci əsrlərdə xüsusilə tacirlər öz kitabxanalarını və kabinetlərini müxtəlif üsullarla genişləndirməyə və təmir etdirməyə çalışırdılar. Ofis sahibləri bununla öz ortaqlarını gözəllik və genişliklə təəccübləndirmək idi.
Amma müasir formalı ilk ofislər təbii ki, Amerikada yarandı. Əmək kollektivləri böyüdükcə, inların məşğul olduğu işlərin spesifikliyi artdıqca, ofislərə tələblər də artırdı. Artıq bir neçə dar otaqda onlarla işçinin səmərəli çalışması mümkün deyildi. Kapitalizm dövründə ayrıca ofis binaları tikilməyə başladı. 18-19-cu əsrlərdə özünə hörmət edən bütün iri şirkətlərin səliqəli ofis binaları vardı.
Vaxt keçdikcə, banklarda müştərilərə xidmət kütləviləşir, mühasibətlıq isə mürəkkəbləşirdi. Nəticədə ofislərdəki işçilərin sayını sürətlə artırırdı.
Kabinetlərdən zallara
Əvvəllər ofislər dəhliz boyu uzanan kabinetlərdən ibarət idi. Sonradan, korporativ mədəniyyətin yaranması və inkişafı ilə əlaqədar olaraq ofislər daha səliqəli olmağa başladı - artıq onlar dəqiq müəyyən edilmiş qaydalarla tikilirdi. Amerikan ənənələrinə uyğun olaraq isə ofislərə kabinetlərə bölünməsi prosesi dayandı. 19-cu əsrin sonunda banklarda kabinet formalı ofislər aradan qalxdı. İndi onları açıq sahələr əvəz edirdi.
Özü də bu təkcə müştərilərə xidməti asanlaşdırmaq üçün deyildi - açıq zallarda işçilərə nəzarət etmək də asan idi. Məhz bu vaxt hər işçiyə düşən ofis sahəsi 2-5 kvadratmetrə enir.
Şəhər kənarına köç
20-ci əsrin ortalarında işgüzar həyatda kompüter texnologiyalarının rolu artdı. Bu yenilik ofislərin quruluşuna da təsir etməyə başladı. Qeyd etmək lazımdır ki, elə bu dövrlərdə iri şəhərlərin mərkəzində tikintinin həcmi kəskin surətdə yüksəldi. Nəticədə, daşınmaz əmlakın qiyməti də artmağa başladı. Artıq şəhərin mərkəzində ofis tapmaq və onu saxlamaq asan deyildi. Beləliklə, ofislər şəhərlərin kənarlarına, indiyədək anbarların üstünlük təşkil etdiyi ərazilərə köçürülməyə başladı. Əvvəllər belə ofisləri kiçik şirkətlər icarələyirdilər. Sonradan ofislər böyüdükcə iri biznes mərkəzlər yaranmağa başladı və dünənki ucqarlar isə elit işgüzar rayonlara çevrildi.
İş qəfəsləri - kubikllər
1960-cı illərdə ofis aləmində inqilab baş verdi. "İntel" şirkətinin ofisində ilk dəfə olaraq kubikllər yarandı. Kubikl - böyük ofislərdə hər bir işçi üçün ayrılmış xüsusi sahələr idi. Bu sahələr bir-birindən yarımçıq arakəsmələrlə ayrılırdı. Onların yaranmasında əsas məqsəd işçiləri bir-birindən ayırmaq və hər bir işçiyə sərbəst iş sahəsi yaratmaq idi. Nəticədə iri zallarda kub şəkilli ofislər peyda olmağa başladı - burada bir işçi üçün lazım olan bütün ləvazimat yerləşirdi.
Məsələ bundadır ki, dizaynerlər kiçik arakəsmələr vasitəsilə ofisdəki bütün işəçilərə ayrıca kabinet hədiyyə etmişdilər. Burada o qədər də geniş olmasa da - kubikldə yalnız stol-stul və şkafa yer çatırdı - kənar narahatlıqlardan azad olan işçi daha yaxşı işləyirdi. Amma kubikllərin gətirdiyi yenilik təkcə işçilərin iş qabilyyətinin artması deyildi. Məhz kubikllərin sayəsində qadınların biznes-mühitdə rolu sürətlə artmağa başladı. Ayrıca kabineti olan qadınlar özlərini daha yaxşı reallaşdırmağa və biznes sahəsində uğurlar qazanmağa başladılar. Elə ona görə, 50 ildən artıq müddətdə kubikllər müasir ofis simvolu sayılırdı: rahat, gözəl, qənaətli və asanlıqla dəyişdirilə bilən.
Kubiklin sonu - ofis divarları "çökür"
Amma kubikllərdə heç də hər şey yaxşı deyildi - təqribən 50 il müddətində rahat iş yeri və müasirlik əlaməti sayılan kubikllər həm də passiv həyat simvoluna çevrilmişdi. Burada çalışan işçilər 3-4 kvadratmetr sahədə fiziki hərəkətlərdən məhrum idilər. Bundan başqa, onların standart, qəfəs quruluşlu olması burada yaradıcı mühitə xidmət etmirdi.
Nəticədə təqribən 10 bundan əvvəl Qərbdə ofislərin yeni forması yarandı. 2000-ci illərin əvvəllərində ofislərin həm rəngləri, həm də formalarında dəyişiklik başladı. İndiyədək olan ofislərin boz-ağ-qara rəngləri yerini parlaq yaşıl, qırmızı və sarı rənglərə verməyə başladı. İndiyədək zehni əmək üçün qəbuledilməz sayılan rənglər ofisləri artıq bürümüşdü. Onunla yanaşı, şüşə divarlar da sürətlə populyarlaşdı. İndi ofislər daha geniş və işıqlı görünürdü. Ofis divarları "uçduqdan" sonra isə onun yerini indiyədək ofisdə görməyə adət etmədiyimiz gözəl əşyalar tutmağa başladı. Divan, basketbol topları, şəkil çəkmək üçün lövhələr, yumşaq oyuncaqlar, bir sözlə, ofisdən çox, uşaq bağçasında görməyə adət etdiyimiz əşyalar.
OPEN SPACE
Amma ən maraqlısı hələ bu deyildi. Google, Facebook və digər müasir şirkətlərin ofisləri bir az da qabağa gedib. İndi bu şirkətlərdəki iş məkanı - artıq onları ofis adlandırmaq mümkün deyil - sadəcə açıq sahədir. Bu ofislərin yeni adı var - open space.
21-ci əsrin ofis dəbi sayılan open space-də ciddi xətlər və sərt bucaqlar yoxdur. Bu da təbiidir - indi ofislər ayrı-ayrı otaqlarda öz işləri ilə məşğul olan adamların toplaşdığı yer yox, vahid komanda şəklində çalışan, birgə ideyalar fikirləşib həyata keçirən yaradıcı, intellektual kollektivlərin məkanıdır. Burada ənənəvi ofislərə xas olan rəsmi və qeyri-rəsmi həddlər, vəzifə ierarxiyası yoxdur. Yeni dəbin öz qəribəlikləri var - indi artıq işçilərin stol-stulu və digər əşyaları ayrıca ola bilməz - hər şey hamınındır.
Amma open spece-nin çatışmazlıqları da az deyil. Əvvəla, ümumi məkanda heç də hamı rahat işləyə bilmir. Daimi hay-küy, qələbəlik, uğultu, "öz küncü"nün olmaması stressə səbəb olur, fikri dağıdır, diqqəti cəmləməyə və yeni biliklər əldə etməyə mane olur. Bu da sonda məhsuldarlığa təsir edir. Digər tərəfdən həddən artıq açıq ofislərdə - istedadlı tənhalara yer yoxdur - halbuki adətən biznes üçün yeni ideyaları məhz qapalığa meylli belə işçilər tapır. Nəticədə iri şirkətlərdə ümumi ofislə yanaşı, bir müddət tənhalıqda qalmaq üçün xüsusi otaqlar da olur.
Ofis velosipedləri
İri şirkətlərin bir qədər də böyüməsi və paralel olaraq yeni ofis dəbinin qüvvəyə minməsi nəticəsində nəhəng ofis sahələri yaranmağa başlayıb. Burada iş yeri ilə yanaşı, istirahət zonaları da yaradılır.
Nəticədə, belə ofislərin sahəsi o qədər böyük olur ki, burada piyada gəzmək narahatlıq yaradır. Buna görə də, şirkətlər ofislərdə hərəkət etmək üçün öz işçilərini nəqliyyat vasitələri ilə təmin edirlər. İndi ofislərdə samokatlar və velosipedlər qeyri-adi sayılmır. Məsələn, Facebook-un yeni baş ofisində demək olar ki, bütün işçilər velosipedlə hərəkət edirlər. Honda-nın yeni qurğusu isə velosiped sürməyə də tənbəllik edənləri razı salmalıdır - "Uni-Cub" adlanan robot işçiləri əziyyətsiz istənilən yerə daşıya bilir.
Sadəcə iş yeri - OFİSLƏR – BİZNES TARİXİ
21:57
21 Yan 2018