FED.az biznes portali Kaspi.az-a istinadən "JPMorgan Chase & Co.” kooperativ və investisiya bankında investisiya qiymətləndirməsi üzrə mütəxəssis vəzifəsində çalışan Xədicə Aşurovanın müsahibəsıni təqdim edir:
Eləcə də bax: “Amazon”a qədər 25 şirkətdən “yox” cavabı aldım” - UĞUR HEKAYƏSİ
Xədicə Aşurova: "Özünü, fikrini ifadə edə bilməyəndə, irəli getmək çətin olur”
"Amerika arzusu” ilə yaşamayıb, ancaq indi bu ölkədədir. Gedişi də bir az təsadüfi olub. "Green card”a qeydiyyatdan keçirirlər və ikinci cəhdində qazanır. "Qalib gəlib getməmək kiminsə haqqına girməkdir” deyib, yola çıxır. Söhbət ABŞ-ın Massaçusets ştatının paytaxtı Bostonda "JPMorgan Chase & Co.” kooperativ və investisiya bankında investisiya qiymətləndirməsi üzrə mütəxəssis vəzifəsində çalışan Xədicə Aşurovadan gedir.
Qeyd edək ki, Xədicə Bakıda "Parabank”da və "Sinteks” MMC-də çalışıb.
- Universiteti bitirəndən sonra Azərbaycanda 3 il çalışmısınız. İkinci cəhdinizdə "Green card” udub Amerikaya getmisiniz. Demək ki, karyeranın əvvəlindən getmək fikriniz olub.
- Əslində, mənim Amerikaya gəlmək fikrim olmayıb. Ancaq Türkiyəyə getmək istəyirdim. Orda qohumlarım yaşayırdı və magistr təhsilini bu ölkədə almaq fikrim var idi. Elə oldu ki, "Green card” qazandım və Amerikaya gəldim.
- Amma "Green card”a müraciət etmisiniz…
- (Gülür) Bəli, bunun da öz tarixçəsi var. "Green card”a özüm müraciət etməmişdim. "Green card Azerbaijan” məni 2015-ci ildə özü qeydiyyatdan keçirdi. Düzdür, razılığım olmuşdu, ancaq onlar məni qeydiyyatdan keçirəndə, detallı şəkildə nə olduğunu bilmirdim. Demişdilər ki, ailəmlə birlikdə Amerikada yaşamaq imkanı əldə edə bilərəm. Mən ailə sözünü orda valideynlərlə birgə getmək anlamışdım (Gülür). Ona görə qeydiyyatdan keçdim. Fikirləşdim ki, qazansaq, ailəvi gedə bilərik. Birinci il qazanmadım, ikinci il əlaqə saxladılar, yenə qeydiyyatdan keçirmələrini istədim. Bu dəfə qazandım. Düzü, Amerika arzusu ilə yaşamamışam. Sadəcə, qalib gəldim və bu imkanı dəyərləndirdim.
- Ancaq qalib gəlib getməyənlər də olur.
- Qalib gələndə, bununla bağlı araşdırma apardım, ətrafımda məlumatlı şəxslərdən fikir öyrəndim. Dedilər ki, qalib gəlib getməmək kiminsə haqqına girməkdir. Getməyəcəkdinsə, qeydiyyatdan keçməzdin və o şans, arzu edən başqa birinə qismət olardı. Dedilər ki, qeydiyyatdan keçmisənsə, get.
- Valideynlər getməyinizə etiraz etmədilər?
- Ailədə hər zaman məni dəstəkləyiblər. Mən həkimlik oxumaq üçün universitetə hazırlaşırdım, balım çatmadı və psixologiyaya düşdüm. O zaman demədilər ki, bir də hazırlaş, gələn il imtahan ver, həkim ol. Psixologiya oxumaq istəyimi anlayışla qarşıladılar, yanımda oldular. Mən "Green card”la bağlı araşdırıb onlarla danışdım. Dedim ki, Amerika elə yerdir ki, təhsil, iş, yaşamaq baxımından çətinlik çəkmirsən. Valideynlərim dedilər ki, arxandayıq, get, bir il yoxla, görsən ki, uyğun deyil, hər an qayıdıb gələ bilərsən. Mane olmadılar, əksinə, dəstək göstərdilər. Artıq 3-cü ildir burdayam, qayıtmadım.
- "Qız uşağısan, yad ölkədə tək nə edəcəksən” və s. deyən olmadı?
- Qohumlardan deyən oldu, amma ailədən yox. Valideynlərim və qardaşım o yanaşmada deyildilər. İnsan Azərbaycanda necə biridirsə, Amerika, Almaniya və ya başqa ölkəyə gedəndə də elə olur. Valideynlərim məni tanıyırdılar və bilirdilər ki, Azərbaycanda nə etmişəmsə, öz gücümə etmişdim. Heç bir işə tanışlıqla, tapşırmaqla getməmişəm. Bunları bildikləri üçün mənə arxayınlıq, güvən var idi. Bacaracağımı bilirdilər. Təbii ki hər bir ailə övladı uzağa gedəndə narahatlıq keçirir, amma güvən olanda, "qız uşağısan, nə edərsən?” kimi düşünmürlər.
- Amerikada ilk işiniz hansı oldu?
- Uşaq bağçasında müəllim köməkçisi kimi işlədim. Ondan sonra da indiki işimə keçdim.
- Uşağa baxmaq təcrübəniz var idi?
- İlk vaxtlar mən də bunu düşünürdüm ki, heç vaxt uşağa baxmamışam və mənə çox çətin olacaq. Ancaq işləməyə başlayanda gördüm ki, burda sənə öyrətməyə çalışan, kömək edən çox olur.
- Azərbaycanda İnsan Resursları sahəsində çalışmısınız, Amerikada maliyyə sektorundasınız. Sahə dəyişikliyinə getməyinizin səbəbi nə oldu?
- Fərqli ölkədə fərqli şərtlərlə qarşılaşdım. Bu səbəbdən, belə dəyişikliyə getdim. Bura gələndə, hiss etdim ki, İnsan Resursları sahəsində iş tapmaq asan deyil. İnsan Resursları sahəsində mənim keçdiyim iş təcrübəsi burda tələb olunan təcrübə ilə eyni deyildi. Məni "Year Up” proqramına yönəltdilər. Orda da düşündülər ki, mənim üçün uyğun sahə maliyyədir. Çünki mən Azərbaycanda bank sektorunda İR mütəxəssisi işləmişəm. Beləliklə, bir il o proqramda təqaüdlə təhsil aldım və maliyyəyə yönəldim.
- Bu təhsil bank sektorunda işləmək üçün kifayət etdi?
- Azərbaycanda bank sektorunda işləsəm də, maliyyə ilə bağlı iş görmürdüm və terminləri bilmirdim. Proqramda çox terminlər öyrədildi. Yenə də məlumatsız olduğum termin çox idi. Burda deyirlər ki, amerikan özü də bu terminlərin hamısını bilmir. Heç kim bütün sahələrin terminini bilə bilməz. Normal qarşıladılar, bacarıqlarıma və proqramda özümü necə göstərməyimə görə işə götürdüklərini dedilər. İşə düzələndə, mənim ingilis dilimi görəndə, dedilər ki, bir ilə ingilis dilini bu cür inkişaf etdirmisənsə, deməli, iş prosesində də özünü inkişaf etdirə bilərsən.
Bir il olacaq ki bu şirkətdəyəm, hələ də öyrənirəm. Ancaq bilmədiyim şeyi ətrafımdan soruşuram. Bilmədiyimi hiss etməsinlər deyə susub oturmuram. Soruşuram, maraqlanıram, öyrənirəm. Kömək etməyə çalışırlar. Azərbaycanda da maliyyə sahəsində çalışan dostlarım var, onlardan da kömək istəyirəm.
Amerika fürsətlər ölkəsidir. Fürsət çoxdur. Ancaq burda savaddan da çox, bacarıq önəmlidir. İnsan çevik olmalıdır. Bir də özünü inkişaf etdirdiyini görməlidirlər. İşə qəbul etdikləri kadrın özünü inkişaf etdirməyə meyilli olduğunu hiss etsələr, ona şans verirlər. Azərbaycanda işə qəbulda sual verirlər ki, zəif və güclü cəhətin nədir? Burda isə zəif yox, inkişaf etdirməli olduğun tərəflərini soruşurlar. Bura gələndə auditoriya qarşısında çıxış etməyi öyrənmək istəyirdim. Mənə inkişaf etdirməli olduğum tərəfimlə bağlı sual verəndə, auditoriya qarşısında çıxış etməkdə çətinlik çəkdiyimi, amma bunu inkişaf etdirmək üçün çalışdığımı dedim. Sual verdilər ki, necə inkişaf etdirirsən? Dedim ki, məzun günüm olmuşdu, orda çıxış etdim. Hansısa təqdimatlarda, təcrübə keçdiyim iş yerində iş görüşlərində və s. çıxış etməyə çalışıram. Bunu qiymətləndirirlər. Təkcə "çalışıram” deməklə də olmur, onlar nə etdiyini də görmək istəyirlər.
- Siz Bakıda psixologiya təhsilini ingilis dilində almısınız, bu, dil cəhətdən sizin köməyinizə gəlir?
- Düzdür, ingilis dilində təhsili alsam da, dil cəhətdən yenə də problemim olurdu. Amerikada iş tapmaq mənə çətin gəlmədi. Ancaq dil cəhətdən müəyyən çətinliklər olur. İngilis dili zəif olanlara onun zəif tərəfi kimi baxmırlar. Ləhcəylə danışanda, fikir vermirlər, gülmürlər, ancaq dili öyrənmək insanın özü üçün lazımdır.
- Bu zaman iş tapmaq problem ola bilir?
- İnsanın özündən də çox şey asılıdır. Bir az ətrafdakı imkanları dəyərləndirmək gücün olmalıdır. Düşünürdüm ki, ingilis dili səviyyəm Amerika şirkətində çalışmaq üçün yetərli olmasa, bu ölkədə fəaliyyət göstərən türk, yaxud rus şirkətlərində də işləyə bilərəm. İngilis dili biliyinin zəif olması burda işə başlamaq üçün problem deyil. Təbii ki karyerada yüksək səviyyəyə çatmaq üçün ingilis dilini inkişaf etdirmək lazımdır. Ancaq başlanğıc səviyyə üçün imkanlar var və onları dəyərləndirmək olar.
- Bundan sonra maliyyə sahəsində davam etmək fikriniz var?
- Mən maliyyə sahəsində çalışmaqla problem həlletmə, müştəri ilə ünsiyyət, komanda ilə işləmək bacarıqlarımı inkişaf etdirdim. Burda komanda deyəndə, bir az fərqli yanaşma var. Amerikada hər ölkədən, mədəniyyətdən, irqdən, dindən, insanlar var və bu kimi müxtəlifliklər, fikir ayrılıqları, dünya görüşündə, məsələlərə yanaşmada fərqlilik yarada bilir. Amma öyrəndim ki, biz bir araya gəlib, həmin fikir ayrılıqlarını ortaya qoyub, kreativ bir layihə ortaya çıxara bilərik. Bu da analitik bacarıqların inkişafına kömək etdi.
Bütün bunlara baxmayaraq, maliyyə mənim maraqlarım sırasında olan iş deyil. Ancaq burda bir yerdən başlamalıydım. Gələcəyimi psixologiya və İnsan Resursları sahəsində görürəm. Ona görə, tək bankdakı işimi görüb, özümü o sahədə inkişaf etdirməklə kifayətlənmirəm. Daha çox marağım olan, gələcəyimi gördüyüm istiqamətdə də daim özümü inkişaf etdirirəm. Bostonda bir qrup gənclə Azərbaycandan gələnlər üçün mentorluq proqramı yaratmağa çalışırıq. Əlavə olaraq bununla məşğul oluram.
- Hədəfləriniz nədir?
- Burda ən yüksək vəzifələrdə çalışan azərbaycanlıların siyahısında olmaq istəyirəm. Bir də ölkəmizin tanıdılması üçün çalışıram. "Year Up” proqramına qoşulan ilk azərbaycanlı idim. Mənə qədər onlar Azərbaycan və azərbaycanlı tanımırdılar. Mənim ilk məqsədim orda ölkəmizi tanıtmaq idi. Məndən sonra artıq orda Azərbaycan bayrağı da asıldı. İstəyirdim ki, Azərbaycanı mənim simamla tanısınlar.
- Sizə görə istədiyini əldə etmək üçün hansı bacarıqlar önəmlidir?
- Ola bilər ki, çox potensialımız, savadımız var, amma onu göstərə bilmirik. Belə insan çoxdur. İlk olaraq potensialımızı göstərməliyik. İkincisi, yaxşı danışıq qabiliyyəti olmalıdır. Özünü, fikrini ifadə edə bilməyəndə, irəli getmək çətin olur. Utancaqlıq varsa, aradan qaldırılmalıdır. Utancaqlıq insanı geri aparan faktordur. Bir də ətrafındakı insanların necə olmasına fikir verməlisən. Öz düşüncə tərzinə uyğun insanları ətrafına toplaya bilsən, bir o qədər uğurlu ola bilərsən.