Qara Dəniz Ticarət və İnkişaf Bankının istiqrazlarına əsas sifarişlər bank və sığorta şirkətləri tərəfindən olub. Bunu FED.az-a "PAŞA Kapital" İnvestisiya şirkətinin direktor müavini Tələt Kalayev bildirib.
“Dünən artıq hərrac baş tutub. 81 milyon manat məbləğində sifariş daxil olub. Sifarişlərin əksəriyyəti banklar və sığorta şirkətləri tərəfindən olunub” – deyə Tələt Kalayev bildirib.
İnvestisiya şirkətinin rəsmisinin sözlərinə görə, bu istiqrazlara marağın belə çox olmasına səbəb beynəlxalq nüfuzlu təşkilat olmasıdır. Təşkilatın reytinqi Standard & Poors tərəfindən A- olaraq təsdiq edilmişdir və beləliklə istiqrazlar dövlət istiqrazları qədər etibarlı olmasını təmin etmişdir.
“Bu istiqrazların təkrar bazarda ticarətinə gəldikdə isə artıq bugündən etibarən istiqrazların təkrar bazarda Bakı Fond Birjası vasitəasi ilə satışı mümkündür” – deyə Tələt Kalayev bildirib.
Xatırladaq ki, 1 avqust 2019-cu il tarixində “Bakı Fond Birjası” QSC-nin (BFB) tiracət platformasında Qara Dəniz Ticarət və İnkişaf Bankının istiqrazlarının yerləşdirilməsi üzrə hərracda rekord göstəricilər qeydə alınıb.
Qara Dəniz Ticarət və İnkişaf Bankının 10 (on) milyon manat məbləğində kütləvi təklif üsulu ilə ticarətə buraxılmış istiqrazları üzrə 81 (səksən bir) milyon manat məbləğində sifariş toplanmışdır. Beləliklə, rəqabətli hərrac üsulu ilə yerləşdirilmiş istiqrazlara tələb təklifi 8 (səkkiz) dəfə üstələmişdir. Yerli qiymətli kağızlar bazarında ilk dəfə beynəlxalq maliyyə institutun milli valyutada emissiya etdiyi istiqrazlara investorlar tərəfindən rekord 63 (altmış üç) sifariş təqdim olunub.
Emitentin qərarına əsasən istiqrazların kəsmə qiyməti 1036.9251 AZN (7.25%), orta ölçülmüş qiyməti isə 1038.5984 AZN (7.16%) müəyyən olunmuşdur. Hərrac nəticəsində istiqrazlar tam şəkildə yerləşdirilmişdir. Tədavül müddəti iki il (730 gün) olan istiqrazlar üzrə ödəmə tarixi 31 iyul 2021-ci ildir. İllik faiz dərəcəsi 9.25% təşkil edir və faizlər üç təqvim ayından bir ödənilir. Qeyd edilməlidir ki, 2019-cu ilə Qara Dəniz Ticarət və İnkişaf Bankının uzunmüddətli kredit reytinqi Standard & Poor’s tərəfindən “A-”, Moody’s tərəfindən A2 dərəcəsində müəyyən olunmuşdur.
Yeni istiqrazları banklar və sığorta şirkətləri alır
14:12
2 Avq 2019