«Bank of America» varlı amerikalı gənclərin hansı alətlərə investisiya etməsi barədə araşdırma aparıb.
FED.az-ın məlumatına görə, sorğu göstərir ki, varlı amerikalı gənclər fond bazarına inamını itirib və öz gələcəkləri üçün getdikcə daha çox alternativ investisiya vasitələrinə yatırım edirlər.
«Bank of America»nın (BofA) 21-42 yaş arasında ən azı 3 milyon dollar aktivi olan 1052 insan arasında apardığı sorğu göstərib ki, respondentlərin investisiya portfellərinin dörddə birini səhmlər tutur.
Aktiv idarəçiləri əvvəllər gənc investorlara səhmləri tövsiyə edirdilər. Buna bazarın göstəriciləri də əsas verirdi. Belə ki, S&P 500 Birjası açıldığı 1957-ci ildən 2021-ci ilin sonuna qədər orta illik 12 faiz gəlir gətirirdi.
Amma bu il yüksək inflyasiya və bazar dəyişkənliyi səbəbindən indeks ilin əvvəlindən 24 faiz aşağı düşüb.
Nəticədə varlı gənc amerikalılar son vaxtlar fond bazarından çox kriptovalyuta, daşınmaz əmlak və vençur kapitalı investisiyalarına diqqət ayırırlar. Sorğuya görə, investorların 15 faizinin portfelində rəqəmsal valyuta var, sorğuda iştirak edən nisbətən yaşlıların portfelində isə kriptovalyuta cəmi 2% təşkil edir.
Bank of America Private Bank-ın COO-su Jeff Busconi-nin sözlərinə görə, «Səhmlərə olan inamın itməsi onu göstərir ki, investorlar ənənəvi səhm və istiqraz portfellərinin ortadan yuxarı gəlir təmin etməyəcəyini düşünür. Səhmlər son 10 ildə çox güclü performans göstərib. Amma indi biz qeyri-sabit dövrlərdən keçirik, insanlar da bunə nəzərə alıb hərəkət edirlər».