ABŞ Prezidenti Donald Trampın qarşılıqlı tarifləri 90 gün müddətinə dayandırması texnologiya nəhəngi Apple-ın səhmlərinin sürətlə yüksəlməsinə səbəb olub. Bu qərar nəticəsində şirkətin bazar dəyəri bir gündə 400 milyard dollar artaraq 3 trilyon dollara yaxınlaşıb.
Fond bazarı liderlərinin səhmləri bahalaşmaqda yarışır - BAZAR ALOVLANDI!
FED.az xəbər verir ki, dünənki ticarət sessiyasına görə şirkətin səhmləri 15% bahalaşıb. CNBC-nin məlumatına görə, bu artım Apple üçün 1998-ci ildən bəri ən böyük gündəlik yüksəliş olub. Həmin dövrdə şirkətin bazar dəyəri cəmi 3 milyard dollar idi və rəhbərlikdə mərhum Stiv Cobs müvəqqəti icraçı direktor vəzifəsini icra edirdi.
Trampın əvvəllər elan etdiyi yeni tarif siyasəti Apple-ın son 25 ildə yaşadığı ən pis dörd günlük ticarət dövrünə səbəb olmuşdu. Şirkətin ABŞ bazarına idxal etdiyi məhsullar – əsasən Hindistan və Çində istehsal olunan cihazlar – tariflərin hədəfində idi. 90 günlük fasilə Apple-ın Hindistan, Vyetnam və Tailanddakı istehsal sahələrini qorumağa imkan verdi, lakin Çindəki zavodlar hələ də risk altındadır. Çünki Tramp administrasiyası Çin mallarına tətbiq edilən tarifləri 54%-dən 125%-ə qədər artırıb.
Trampın qərarından öncə Apple mart ayının son həftəsində üç gün ərzində Hindistandan ABŞ-a beş təyyarə dolusu iPhone və digər məhsul göndərib. Bu təcili tədbir, tariflər qüvvəyə minməzdən əvvəl əlavə rüsumlardan yayınmaq məqsədi daşıyıb. Eyni zamanda, Hindistandan gələn mallara tətbiq edilən tariflər 26%-dən 10%-ə, Vyetnamdan gələnlərə isə 46%-dən 10%-ə endirilib. Bu, Apple üçün Çindənkənar istehsalla ABŞ bazarını təmin etmək baxımından mühüm fürsət yaradır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.