«Plato Capital and Co. İnvestisiya Şirkəti» ASC-nin Bakı Fond Birjasında üzvlüyünü dondurmasının səbəbi hazırda birjada dövr edən alətlərlə şirkətin heç bir əməliyyat aparmamasıdır.
Eləcə də bax: Bakı Fond Birjası investisiya şirkətinin - ÜZVLÜYÜNÜ DONDURDU
Bu barədə FED.az-a şirkətin direktoru Mansur Məmmədov bildirib. Onun sözlərinə görə, hazırda şirkət daha çox maliyyə konsaltinqi fəaliyyətinə fokuslandığına görə, broker xidmətləri göstərmir: «Bizim müştərilərin Bakı Fond Birjasında dövr edən alətlərə marağı o qədər də böyük deyil və biz bu alətlərlə əməliyyat aparmırıq, Ona görə də üzvlüyümüzü dondurmağı qərara aldıq».
Qeyd edək ki, üzvlüyün dondurulmasına baxmayaraq «Plato Capital and Co.» Bakı Fond Birjasının səhmdarıdır.
M.Məmmədovun sözlərinə görə, gələcəkdə BFB-də alətlərin sayı və çeşidi artsa, və şirkətin müştəriləri bu alətlərə maraq göstərsə, «Plato Capital and Co.»nun BFB-yə üzvlüyü bərpa oluna bilər.