Dövlət Neft Şirkətinin (SOCAR) dollarla buraxdığı və hazırda ölkənin ən etibarlı qiymətli kağızlarından sayılan SOCAR istiqrazlarının qiyməti növbəti rekord vurub. FED.az xəbər verir ki, nominal qiyməti 1000 dollar olan SOCAR istiqrazlarının, ötən həftənin yekunlarına görə, birjada satış qiyməti 1040 dollara yüksəlib.
İstiqrazların marketmeykeri olan PSG Kapital şirkətinin məlumatına görə, istiqrazların satış qiyməti 1038-1040 dollara yüksəlib. Paralel olaraq qiymətli kağızların alış qiymətində də yüksəliş baş verib – alış qiyməti 1023 dollara yüksəlib.
Xatırladaq ki, istiqrazların qiymətinin artması həm onun etibarlı kağızlar olması, həm də ödəniş tarixinin yaxınlaşması ilə bağlıdır. Belə ki, 15 gündən sonra – yanvarın 17-də SOCAR istiqrazları üzrə növbəti ödəniş həyata keçiriləcək. Bu zaman hər istiqraza görə 12,5 dollar ödəniş ediləcək.
SOCAR İstiqrazları 2016-cı ilin oktyabrında buraxılıb. Nominal qiyməti 1000 dollar olan kağızların illik gəlirliyi 5% təşkil edir. Bu hazırda bankların təklif etdiyi dollarla əmanət faizlərindən qat-qat artıqdır. İstiqrazlar üzrə ödənişlər hər 3 aydan bir olmaqla, ildə 4 dəfə həyata keçirilir.
Ölkədə ilk dəfə tətbiq olunan SOCAR zəmanəti sayəsində bu istiqrazları istənilən vaxt nağd pula çevirmək mümkündür.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.
SOCAR istiqrazları rekord qiymətə satılır
09:18
3 Yan 2019