10 ildən artıq fəaliyyəti ərzində ölkədə kapital bazarının inkişafına mühüm töhfə verən “PAŞA Kapital” öz lider mövqeyini qorumaqdadır.
Belə ki, şirkət həm dövriyyə həcmi, həm də qiymətli kağızlar bazarının sabit gəlirli maliyyə alətlərinin əksər seqmentləri üzrə ilk pillədə qərarlaşıb.
Bakı Fond Birjası tərəfindən 2024-cü ilin mart ayı üçün açıqlanan hesabata əsasən "PAŞA Kapital" 6 milyard 834 milyon manatdan artıq dövriyyə həcmi ilə Azərbaycan bazarının ən iri investisiya şirkəti mövqeyində möhkəmlənib. Həmçinin hesabat dövrü ərzində şirkət Mərkəzi Bankın notları, Dövlət istiqrazları, Repo bazarları üzrə aparılan əməliyyatların həcminə görə yerli bazarın lideri kimi fərqləndirilib.
Kapital bazarları üzrə fəaliyyətini uğurla davam etdirən "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin ötən ilin müvafiq dövrü ilə müqayisədə repo əməliyyatları üzrə ticarət həcmində 270%, Mərkəzi Bankın notları üzrə 132% və Maliyyə Nazirliyinin istiqrazları üzrə isə 114% artım qeydə alınıb. Həmçinin, korporativ istiqrazların ilkin yerləşdirilməsi üzrə 180 milyon manat dəyərində ticarət əməliyyatı həyata keçirilib. Onu da qeyd edək ki, şirkətin ümumi dövriyyə həcmi keçən ilin fevral ayı ilə müqayisədə 184% çoxdur.
Şirkət yerli və beynəlxalq investorlar daxil olmaqla, fərdi və korporativ müştərilərə investisiya xidmətləri göstərir. Eləcə də brokerlik, portfelin idarə edilməsi, anderraytinq, maliyyə məsləhətləri və tədqiqat, eləcə də marja ticarəti sahəsində öz xidmətlərini təklif edir. Belə ki, "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, gələcək illər üçün də investisiya xidmətlərinin daha geniş investor kütləsi üçün əlçatan olmasını əsas prioritet istiqamət olaraq müəyyənləşdirmişdir.