Bakı Fond Birjasında Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazlarının yerləşdirilməsinə həsr olunmuş “Açılış Zəngi” mərasimi baş tutub.
FED.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Mərkəzi Bankının baş direktoru Tərlan Rəsulov bildirib ki, kapital bazarlarının inkişafı dövlətin iqtisadi strategiyasının əsas tərkib hissələrindən biridir. Onun sözlərinə görə, bu emissiya ölkəyə olan etimadın və beynəlxalq standartlara uyğun uğurlu təcrübənin göstəricisidir.
AMB rəsmisi qeyd edib ki, 2022–2026-cı illəri əhatə edən maliyyə bazarlarının inkişaf strategiyası dörd əsas istiqamət üzərində qurulub: infrastrukturun gücləndirilməsi, investor marağının artırılması, emitentlərin bazara çıxış imkanlarının sadələşdirilməsi və iqtisadiyyatın daha geniş maliyyələşdirilməsi. Bu tədbirlərin əsas məqsədi kapital bazarlarının dayanıqlı inkişafını təmin etməkdir.
Tərlan Rəsulov bildirib ki, dəyişən faizli istiqrazların buraxılışı bazarda pul transmisiyasının daha səmərəli işləməsinə imkan yaradacaq. Onun fikrincə, bu həm investorlar üçün əlavə şəffaflıq, həm də faiz dərəcələrinin daha yaxşı idarə olunması deməkdir.