2025-ci ilin yanvar-dekabr aylarının yekunlarına əsasən, "CPM-Invest İnvestisiya Şirkəti" QSC-nin birja göstəriciləri məlum olub.
FED.az biznes və maliyyə xəbərləri protalı xəbər verir ki, şirkətin ümumi dövriyyəsində kəskin artım dinamikası qeydə alınıb.
Hesabat dövründə "CPM-Invest" tərəfindən aparılan birja əməliyyatlarının ümumi həcmi ötən illə müqayisədə 2 dəfə (və ya 98,6%) artaraq 6 milyard 666 milyon 376 min manata yüksəlib. Əvvəlki il bu göstərici 3 milyard 357 milyon 365 min manat təşkil edirdi.
Artımın əsas hərəkətverici qüvvəsi Repo əməliyyatları olub. Bu seqmentdə dövriyyə rekord həddə – 2,5 dəfə və ya 148,5% artaraq 6 milyard 42 milyon 304 min manata çatıb. Mütləq ifadədə artım 3 milyard 610 milyon 562 min manat təşkil edib.
Mərkəzi Bankın notları (ARMB) üzrə əməliyyatlarda da müsbət dinamika izlənilib. Burada həcm 11,8% artaraq 122 milyon 453 min manat olub.
Digər maliyyə alətləri üzrə isə azalma müşahidə edilib:
Dövlət istiqrazları (Maliyyə Nazirliyi) ilə aparılan əməliyyatların həcmi 37,4% azalaraq 493 milyon 108 min manata enib.
Korporativ istiqrazlar bazarında şirkətin dövriyyəsi 66,8% geriləyərək 8 milyon 468 min manat təşkil edib.
Ən kəskin azalma səhm bazarında qeydə alınıb. Bu seqmentdə əməliyyatlar 99,1% azalaraq cəmi 31 min 737 manat olub (ötən il 3 milyon 357 min manat idi).
Dövriyyənin ikiqat artmasına baxmayaraq, şirkətin bağladığı əqdlərin sayı azalıb. İllik müqayisədə əməliyyat sayı 9,5% azalaraq 3 563 ədəd təşkil edib. Ötən il bu rəqəm 3 938 idi.










