2025-ci ilin yanvar-dekabr aylarının yekunlarına əsasən, "Assist Finance İnvestisiya Şirkəti" ASC-nin birja əməliyyatları üzrə göstəriciləri açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin ümumi əməliyyat həcmində ötən illə müqayisədə azalma müşahidə olunub.
Hesabat dövründə "Assist Finance" tərəfindən aparılan əməliyyatların ümumi həcmi 29,2% və ya 1 milyard 782 milyon 378 min manat azalaraq 4 milyard 328 milyon 818 min manat təşkil edib. Ötən ilin müvafiq dövründə bu rəqəm 6 milyard 111 milyon 196 min manat idi.
Şirkətin portfelində yeganə artım Mərkəzi Bankın notları (ARMB) üzrə qeydə alınıb. Bu istiqamətdə əməliyyatlar 33,2% və ya 37 milyon 491 min manat artaraq 150 milyon 317 min manata yüksəlib.
Digər bütün seqmentlərdə isə azalma dinamikası qeydə alınıb:
Portfelin ən böyük hissəsini təşkil edən repo əməliyyatları 21,5% (916 milyon 927 min manat) azalaraq 3 milyard 349 milyon 91 min manata düşüb.
Korporativ istiqrazlar bazarında şirkətin dövriyyəsi 35,5%, başqa sözlə 387 milyon 796 min manat kiçilərək 705 milyon 154 min manat olub.
Dövlət istiqrazları (Maliyyə Nazirliyi) üzrə əməliyyatlarda kəskin azalma baş verib – 5 dəfə (499 milyon 583 min manat) geriləmə ilə həcm 123 milyon 483 min manat təşkil edib.
Səhm bazarında isə əməliyyatlar minimuma enib; cəmi 770 min manat olub. Bu isə ötən ilin müvafiq övrü ilə müqayisədə 21 dəfə, məbləğ ifadəsində isə 15 milyon 532 min manat azalmaya bərabərdir.
Dövriyyənin azalması əqdlərin sayına da təsir edib. Belə ki, şirkət üzrə bağlanmış əqdlərin sayı 546 əqd və ya 25,4% azalaraq 1 604 ədəd təşkil edib (ötən il 2 150 əqd).










