Dünən ABŞ-dan “Conference Board” İstehlakçı İnamı İndeksi göstəricisinin proqnozların üzərində açıqlanmasına baxmayaraq, avronun dollar qarşısında dəyəri çərşənbə axşamı günün ikinci yarısında artaraq avqust ayından bugünə ilk dəfə 1.10$ həddini ötüb. Hal-hazırda EURUSD məzənnəsi 1.1002 səviyyəsində ticarət olunur.
Avro ardıcıl dördüncü ticarət sessiyasında dollar qarşısında bahalaşıb və noyabr ayının əvvəlindən məzənnə 3.9% artıb. İnvestorlar ABŞ-da inflyasiyanın yavaşlaması ilə bağlı məlumatlara, eləcə də qlobal iqtisadiyyatın perspektivlərinə nikbin reaksiya verirlər. Bununla belə, analitiklər avronun kifayət qədər dəstəyin olmaması və tezliklə 1.09$ səviyyəsindən aşağı korreksiya edəcəyi haqqında fikirlər səsləndirirlər.
Eyni zamanda dollar yen qarşısında da zəifləyib. USDJPY valyuta cütlüyünün cari məzənnəsi 147.01 səviyyəsində ticarət olunur. Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 0.32% geriləyərək 102.87 bənd təşkil edib və 103 bənd səviyyəsindəki dəstək həddinin altında qaldığı müddətcə eniş tendensiyası davam edə bilər.
Eləcə də qızılın birjalarda qiyməti 2050$-a qədər bahalaşaraq may ayından bugünə ən yüksək həddini yeniləyib. Hazırda dəyərli metal 2048$ səviyyəsində ticarət olunur.
Bugün ABŞ-da dərc olunacaq ÜDM və Ticarət Balansı göstəriciləri, həmçinin Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri investorların diqqət mərkəzində olacaq.
Məlumat InvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.