Beynəlxalq birjalarda dollar major valyutalar qarşısında bir qədər ucuzlaşıb. Dolların ucuzlaşması fonunda qızıl artım tendensiyasını davam etdirir. Dəyərli metal ötən gün ərzində 2619$ səviyyəsinə qədər ucuzlaşsa da, bugün səhər saatlarında artıq 2655$ səviyyəsinin üzərində ticarət olunur. “Brent” markalı neft isə cari həftənin əvvəlindən bəri 71$-74$ qiymət koridorunda dəyişir.
“Bitcoin”-ın qiyməti artmaqda davam edir və tarixdə ilk dəfə olaraq 97700$-ı keçib. İlin əvvəlindən bitkoin 2.2 dəfədən çox, o cümlədən son bir ayda demək olar ki, 43% bahalaşıb. Qeyd etmək lazımdır ki, tokenin qiyməti ABŞ-ın yeni prezidenti seçilmiş Donald Trampın rəqəmsal aktivlər üçün əlverişli tənzimləmə mühiti və bitkoinlərin strateji ehtiyatını yaratmaqla bağlı verdiyi sözlər fonunda bahalaşmağda davam edir.
Ötən gün Böyük Britaniyanın Milli Statistika İdarəsinin verdiyi məlumatda qeyd olunub ki, ölkədə istehlak qiymətləri sentyabr ayı ilə müayisədə oktyabr ayında illik ifadədə 2.3%, aylıq ifadədə isə 0.6% artıb. Həmçinin, Böyük Britaniyada İstehsal Qiymətləri İndeksi oktyabr ayında əvvəlki ay ilə müqayisədə dəyişməyib. Qida, tütün məmulatları, alkoqol və enerji resurslarını nəzərə almayan İstehsal Qiymətlərinin Baza İndeksi oktyabr ayında illik ifadədə 1.7%, aylıq ifadədə isə 0.3% təşkil edib.
Bugün bazar iştirakçıları ABŞ-da dərc olunacaq İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı və Təkrar Mənzil Bazarında Ev Satışlarının Həcmi göstəricilərini maraqla izləyəcəklər. Eləcə də, Filadelfiya FED tərəfindən açıqlanacaq Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi də diqqət mərkəzində olacaq xəbərlərdəndir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.