Dünən axşam saatlarından etibarən dollar major valyutalar qarşısında ucuzlaşmağa başlayıb.
EUR/USD valyuta cütlüyü ötən gün 1.0782 səviyyəsinə qədər eniş göstərsə də, hal-hazırda 1.0819 səviyyəsində ticarət olunur. GBP/USD cütlüyü 1.2740 həddindən 1.2777 həddinə kimi bahalaşıb. USD/JPY valyuta cütlüyü isə 160.750 səviyyəsinə qədər ucuzlaşıb. Dollar indeksi 105.03 bənd təşkil edir.
Qızıl dolların ucuzlaşması fonunda artım tendensiyasını bərpa etdi. Hal-hazırda dəyərli metal 2363$ səviyyəsində ticarət olunur. Neftdə bahalaşma davam edir. “Brent” markalı neft bir barrel üçün 87.80$, “WTI” markalı neft isə 84.00$ həddində qərarlaşıb.
İnvestorlar bugün açıqlanacaq bir neçə vacib xəbəri diqqətlə izləyəcəklər. Əsas olaraq bazar iştirakçıları ABŞ-ın Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı (NFP) xəbərini maraqla gözləyirlər. Həmçinin analitiklərin fikrincə, ABŞ-da may ayında olduğu kimi iyun ayında da işsizlik səviyyəsi 4% təşkil edib.
Eləcə də, Bakı vaxtı ilə saat 10:00-da Almaniyanın İqtisadiyyat və Texnologiya Nazirliyi ölkənin sənaye sektorunda istehsalat həcmi ilə bağlı məlumatları dərc edəcək. Almaniyada sənaye istehsalının may ayında aylıq 0.2% artığı proqnozlaşdırılır.
Əlavə olaraq Avropa Statistika Agentliyi “Eurostat” may ayında Avrozonada pərakəndə satışlar haqqında məlumatları dərc edəcək. Ekspertlərin proqnozlarına görə, aylıq ifadədə göstərici 0.2%, illik ifadədə isə 0.1% artıb.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.