Dünən ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) uçot faiz dərəcəsini illik 5.25-5.5% səviyyəsində saxlaması fonunda, dolların məzənnəsi qısa müddət ərzində major valyutalar qarşısında bahalaşsa da, bir müddət sonra eniş tendensiyasını bərpa edib.
Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 0.1% azalaraq 103.3 bənd təşkil edib.
FED rəsmiləri vurğulayırlar ki, faiz dərəcəsinin azaldılması yalnız inflyasiyanın 2%-lik hədəf səviyyəsinə doğru davamlı şəkildə irəlilədiyinə əmin olduqda məqsədəuyğun olar. Mümkün gələcək tədbirləri qiymətləndirərkən tənzimləyici qurum əmək bazarı, inflyasiya təzyiqləri və gözləntiləri, eləcə də maliyyə hadisələri haqqında daxil olan makroiqtisadi məlumatların monitorinqini davam etdirəcək.
Həmçinin ABŞ fond indeksləri “NASDAQ” və “S&P 500” Federal Ehtiyatlar Sisteminin (FED) toplantısının nəticələrinin dərcindən sonra eniş tendensiyasını sürətləndirdi. Qeyd etmək lazımdır ki, tənzimləyici qurumun növbəti toplantısı martın 19-20-də keçiriləcək.
Bugün İngiltərə Mərkəzi Bankı toplantısı keçiriləcək və analitiklər tənzimləyici qurumun faiz dərəcəsini dəyişməyəcəyini, 5.25% səviyyəsində saxlayacağını proqnoz edirlər. Eləcə də, Bakı vaxtı ilə saat 14:00-da Avrozonada dərc olunacaq statistik məlumatlar investorların diqqət mərkəzində olacaq hadisələrdir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.