Dünən Avrozonadan PMI göstəricilərinin zəif açıqlanması fonunda EURUSD məzənnəsi 1.0685 səviyyəsindən 1.0585 səviyyəsinə kimi eniş etdi. Bugün səhər Almaniyadan dərc olunacaq "Ifo" Biznes Mühiti İndeksi ərəfəsində avro dollara qarşısında bir qədər bahalaşaraq 1.0600 həddini keçib.
Dollar indeksi isə (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətən məzənnə) 0.12% geriləyərək 106.14 bənd təşkil edib.
Həmçinin bugün treyderlər ABŞ-dan daşınmaz əmlak bazarı ilə bağlı açıqlanacaq məlumatları da qiymətləndirəcəklər. Analitiklərin proqnozlarına əsasən, ölkədə yeni mənzil satışları öncəki ay ilə müqayisədə 675 mindən 680 minə yüksəlib.
Bundan əlavə, çərşənbə günü ABŞ Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pavelin çıxış edəcəyi gözlənilir. Tənzimləyici qurum rəhbərinin şərhlərində investorlar FED-in monetar siyasətinə dair mümkün gələcək qərarları barədə siqnallar axtaracaqlar.
Bakı vaxtı ilə saat 21:00-da Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışı da əhəmiyyətli sayılır.
Məlumat InvestAZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.