Dünən Amerikada açıqlanan zəif iqtisadi göstəricilərin FED-in monetar siyasətini daha da sərtləşdirməsinə mane olacağı ehtimallarının güclənməsi fonunda dollar major valyutalar qarşısında kəskin ucuzlaşdı.
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı - HƏFTƏLİK ANALİZ
Dərc olunan məlumatlara görə, “JOLTS” Vakant İş Yerlərinin sayı iyul ayında 8 milyon 827 min ilə bazar ehtimallarının altında qaldı. Ardıcıl 3 aydır azalan vakansiyaların sayı sözügedən dövrdə 2021-ci ilin martından bəri ən aşağı səviyyəyə düşüb.
Analitiklər qeyd ediblər ki, əmək tələbinin ölçüsü olan vakansiyaların sayının azalması FED-in pul-kredit siyasətinin sərtləşdirilməsindən sonra əmək bazarının tədricən yavaşladığını göstərir.
ABŞ-da “Conference Board” İstehlakçı Güvən İndeksi də proqnozlaşdırılandan daha çox - 7.9 - bənd azalaraq, 106.1 bəndə düşüb.
Qeyd olunan məlumatlardan sonra ABŞ-ın 10 illik istiqraz faizi 4.11%, 2 illik istiqraz faizi isə 4.87%-ə qədər azalıb.
Valyuta birjalarında qiymətlərə gəlincə, FED-in sentyabr iclasında uçot faizini sabit saxlayacağına dair proqnozlar 86%-ə yüksəlib.
Digər tərəfdən, kriptovalyuta birjalarının lokomotivi olan “Bitcoin” ABŞ federal məhkəməsinin ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) kriptovalyutaların idarə edilməsi şirkəti “Grayscale”-in spot “Bitcoin” birja fondu (ETF) üçün müraciətini rədd etmə qərarını ləğv etdikdən sonra 7%-ə yaxın dəyər qazandı.
Bugün isə Amerikada açıqlanacaq məşğulluq üçün aparıcı göstəricilərdən hesab olunan ADP (Özəl Sektorda Yeni Yaranan İş Yerlərinin Sayı) valyuta birjalarında ciddi volatilliyə səbəb ola bilər. Ancaq eyni gün dərc olunacaq ÜDM, ABŞ iqtisadiyyatının dayanaqlılığı ilə bağlı ciddi ipucları verəcək. Və bu göstərici birjaların diqqət mərkəzində yer alan ən önəmli məlumatlardan biridir. Həmçinin Almaniyada İstehlak Qiymətləri İndeksi göstəriciləri də dərc olunacaq.
Çərşənbə axşamı dolların ucuzlaşması fonunda qızıl 1938$-a kimi bahalaşdı. Hazırda 1936$-dan təklif olunan qiymətli metalın qiyməti 1941$-ın üzərində möhkəmlənə bilsə, artım tendensiyası 1951$ və 1960$-a kimi davam edə bilər.
Məlumat InvestAZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.