Bugün ABŞ-da yanvar ayı üzrə dərc olunacaq İstehlak Qiymətləri İndeksi göstəricilərinin açıqlanmasından əvvəl dollar, major valyutalar qarşısında bir qədər bahalaşaraq, öz mövqelərini möhkəmləndirə bilib.
Hal-hazırda EUR/USD, GBPUSD və USDJPY cütlükləri müvafiq olaraq 1.0767, 1.2615 və 149.550 səviyyələrində ticarət olunurlar. Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 0.07% artaraq, 104.24 bənd təşkil edib.
Cari həftənin əsas hadisələrindən biri də yanvar ayı üzrə ABŞ-da istehlak qiymətləri ilə bağlı statistik məlumatların açıqlanmasıdır. Analitiklərin proqnozlarına əsasən, ölkədə inflyasiya illik ifadədə 3.4%-dən 2.9%-ə qədər enib. Bu da, göstəricinin 2021-ci ildən bəri ilk dəfə 3% səviyyəsindən aşağı düşməsi ola bilər.
Həmçinin, dərc olunacaq statistik məlumatlar ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) faiz dərəcəsinin azaldılması ilə bağlı bazar gözləntilərinə təsir göstərə bilər. “CME Group”-un məlumatına əsasən, ekspertlərin 86.5%-i FED-in uçot faiz dərəcəsini mart ayında cari 5.25-5.5% səviyyəsində saxlayacağını ehtimal edirlər. Əlavə olaraq, analitiklərin 43.5%-i faiz dərəcəsinin may ayında da dəyişməz olaraq qalacağını proqnoz edirlər.
Bugün, “OPEC”-in neft bazarları ilə bağlı hesabatının dərc olunması ərəfəsində, neft qiymətləri birjalarda simvolik olaraq yüksəlirlər. “Brent” markalı neft hal-hazırda 82.30$ səviyyəsində ticarət olunur. Qeyd etmək lazımdır ki, sabah ABŞ-da kommersiya məqsədli neft ehtiyatları ilə bağlı dərc olunacaq həftəlik göstəricilərin proqnozların üzərində açıqlanması, “qara qızıl”-ın dəyərinin bir qədər də artması ilə nəticələnə bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.