Dünən major valyutalar qarşısında bir qədər ucuzlaşan dollar, bugün öz mövqelərinin bir qismini qaytara bilib. Belə ki, EUR/USD və GBP/USD valyuta cütlükləri korrektiv artımdan sonra, trendin əsas istiqamətində hərəkəti davam etdirirlər və müvafiq olaraq 1.0823 və 1.2705 səviyyələrində ticarət olunurlar. USD/JPY valyuta cütlüyündəki eniş tendensiyası davam edir. Hal-hazırda cütlük 147.360 səviyyəsində ticarət olunur.
Bazar ertəsi axşam qızılın qiyməti ABŞ-da Federal Ehtiyatlar Sisteminin (FED) toplantısı öncəsində yüksəlir. Nyu-Yorkun “Comex” birjasında aprel ayı üzrə qızıl fyuçerslərinin qiyməti 7.9$ və ya 0.39% artaraq 1 troya unsiyası üçün 2 044$-a, gümüşün mart fyuçerslərinin qiyməti isə 0.83% artaraq 1 unsiya üçün 23.062$-a çatıb.
Bazar günü İordaniyanın şimal-şərqində ABŞ hərbi bazasına pilotsuz təyyarənin hücumu nəticəsində üç amerikalı hərbçi həlak olub. Bu, regionda vəziyyətin mümkün gərginləşməsinin və neft bazarı üçün əlavə risklərin siqnalı oldu. Lakin buna baxmayaraq, dünya bazarlarında neftin qiymətləri ötən həftə bahalaşdıqdan sonra bazar ertəsi axşam nəzərəçarpacaq dərəcədə ucuzlaşıb.
Bugün investorların diqqəti ABŞ-da dərc olunacaq "CB" İstehlakçı İnamı indeksində və JOLTS tərəfindən açıqlanacaq Boş İş Yerləri Hesabatı göstəricilərində olacaq. Həmçinin Almaniyada və Avrozonada ÜDM göstəriciləridə maraqla gözləniləcək hadisələrdir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.