Rusiya - Ukrayna savaşının 13-cü günündə də dünya birjalarındakı çöküş davam edir. ABŞ və Avropanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar artıqca dünya birjalarında risk iştahı da sürətlə azalır. Eyni zamanda enerji daşıyıcılarının qiymətlərindəki sürətli artımlar avro və funtu təzyiq altında saxlayır.
Qlobal risklərin təsiri ilə qızıl tarixi maksimumlarını növbəti dəfə test etdi. Hazırda 2055$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 2072$-ın üstünə yüksəlsə, 2175$-a kimi bahalaşa bilər.
Amerikanın Rusiyadan bütün növ enerji daşıyıcılarının idxalına qadağa qoyması, həmçinin analoji addımın İngiltərə tərəfindən atılacağına dair xəbərlər fonunda neft qiymətləri son 14 ilin maksimumlarına yüksələ bilər. Hazırda 132$-dan təklif olunan Brent neftinin bir bareli üzrə dəyəri 135$-ın üzərində möhkəmlənə bilsə, artımların 147$-a qədər davam edəcəyi proqnozlaşdırılır.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.