«Sizin Lombard» brendinin sahib olan "GL” ASC növbəti istiqraz buraxılışını elan edib.
Sizin Lombard 15% gəlirlilik təklif edən istiqraz buraxır
FED.az xəbər verir ki, şirkət hər birinin nominal dəyəri 1000 manat olan 4 min 600 ədəd, yəni ümumi məbləği 4,6 milyon manat olan istiqraz buraxır. İstiqrazların illik gəlirliyi 15% təşkil edir. Bununla yanaşı, şirkətin ayırdığı kreditin şərtləri ilə tanış olduqda kreditlərin faiz dərəcəsinin istiqrazla müqayisədə qat-qat yüksək olduğu aydınlaşır.
Belə ki, şirkətin rəsmi internet səhifəsində kredit faizlərinin aylıq 1,4% və ya illi 18%-dən başladığı bildirilsə də, kreditin maksimum faiz dərəcəsi açıqlanmır, rəsmi internet səhifəsində kreditlərin real olaraq hansı faizlə ayırldığı ilə bağlı dəqiq rəqəm – Faktiki İllik Faiz Dərəcəsi (FİFD) göstəricisi də yerləşdirilməyib.
Qeyd edək ki, «Sizin Lombard» brendi ilə kreditlər qızıl girovu ilə verilir, kreditin məbləği girov qızılın həcmindən asılı olaraq dəyişir. Bununla yanaşı, saytdakı məlumatlardan aydın olur ki, kreditlərin illik faiz dərəcəsi 36% təşkil edir.
Şirkətin istiqraz buraxılışına həsr olunmuş emissiya prospektinə əsasən, «GL» ASC son 3 ildə illik 3 milyon manat ətrafında xalis mənfəət götürüb. Belə ki, 2021-ci ildə şirkətin mənfəəti 2,83 milyon manat, 2022-ci ildə 3 milyon manat, 2023-cü ildə isə 2,9 milyon manat təşkil edib.